RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV AVSTRİYA RESPUBLİKASININ FEDERAL KANSLERİ FRANS VRANİTSKİ İLƏ GÖRÜŞMÜŞDÜR
Cənab Vranitski bu görüşdən razı qaldığını bildirərək, iki həftə bundan əvvəl ona göndərdiyi məktuba görə Heydər Əliyevə təşəkkür etdi. Federal kansler qeyd etdi ki, onun ölkəsi yenicə müstəqillik qazanmış dövlətlərlə daha möhkəm əsaslarla əməkdaşlıq etmək əzmindədir. O, Azərbaycan ilə Avstriya arasında tarixi əlaqələrin mövcud olduğunu vurğulayaraq, bu əlaqələrin əməli əməkdaşlıq çərçivəsində genişləndirilməsinin vacibliyini qeyd etdi. Cənab Vranitski bu məqsədlə Azərbaycana gəlmək istədiyini bildirdi və onu da xüsusi vurğuladı ki, iqtisadiyyatın bir çox sahələri üzrə ölkələrimiz arasında çox fəal və əməli əlaqələr yaratmaq üçün mövcud olan sağlam zəmin və şəraitdən dövlətlərimizin və xalqlarımızın mənafeyi naminə mütləq istifadə etməliyik.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bu görüşdən məmnun qaldığını qeyd etdi. O bildirdi ki, Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu qarşılıqlı surətdə faydalı əlaqələr yaradır. Bu baxımdan Avstriya Respublikası xüsusi əhəmiyyət kəsb edir.
Prezident ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin mühümlüyünü vurğuladı. O, həmçinin qərargahları bu ölkədə yerləşən bir çox beynəlxalq təşkilatlarla da əməkdaşlığın inkişaf etdirilməsinə və sıx əlaqələr yaradılmasına ehtiyac duyulduğunu bildirdi.
Prezident Heydər Əliyev cənab Vranitskinin Azərbaycana gəlmək niyyətini yüksək qiymətləndirdi və onu rəsmən ölkəmizə dəvət etdi. H.Əliyev qeyd etdi ki, belə bir səfər ölkələrimiz və xalqlarımız arasında münasibətlərin inkişaf etdirilməsinə yeni təkan verə bilər.
Avstriya Respublikasının federal kansleri də Prezident Heydər Əliyev üçün münasib bir vaxtda onu öz ölkəsinə rəsmi səfərə dəvət etdiyini bildirdi.