RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV BELÇİKANIN BAŞ NAZİRİ JAN-LÜK DEAN İLƏ GÖRÜŞMÜŞDÜR
Cənab Dean Prezident Heydər Əliyev ilə yenidən görüşməyindən məmnunluq duyduğunu bildirdi və onu mehribanlıqla salamladı. Baş nazir Azərbaycan Prezidenti ilə Brüsseldə, Budapeştdə, Davosda, Kopenhagendə görüşlərindən səmimiyyətlə söhbət açdı. O dedi: Belçika dövlətinin Baş naziri olmağın bir üstünlüyü də ondan ibarətdir ki, ölkənin paytaxtı Brüsseldə NATO, Avropa İqtisadi Birliyi və bir çox digər nüfuzlu beynəlxalq təşkilatların baş qərargahları yerləşir və təşkilatların dəvəti ilə buraya gələn dövlət və hökumət başçıları ilə görüşmək imkanı daha çox olur. Həmin imkandan istifadə edərək, bu gün biz Sizinlə yenidən görüşə bilirik.
Baş nazir Jan-Lük Dean ilə əvvəlki görüşlərindən məmnunluqla söhbət açan Heydər Əliyev ATƏT-in Budapeşt zirvə toplantısında ölkəmiz üçün mühüm olan qərara səs verdiyinə, bir çox beynəlxalq məclislərdə Azərbaycanın ədalətli mövqeyini müdafiə etdiyinə görə ona Azərbaycan dövləti və xalqı adından minnətdarlığını və təşəkkürünü bildirdi.
Heydər Əliyev dedi ki, onun Belçikaya qısamüdətli işgüzar səfəri Avropa Birliyi iqtisadi komissiyasının rəhbərliyi ilə görüşmək, bu komissiya ilə Azərbaycan arasındakı münasibətləri daha da inkişaf etdirmək məqsədi daşıyır. Azərbaycan Prezidenti Avropa Birliyi komissiyasının prezidenti Jak Santer və həmin komissiyanın xarici siyasət məsələləri üzrə komissarı Van Den Bruk ilə görüşlərindən razılıqla söhbət açdı.
Ölkəmizin rəhbəri dedi ki, biz Avropa Birliyi komissiyası ilə bir neçə istiqamətdə əməkdaşlıq edirik. Respublikamızın bu komissiya ilə əməkdaşlıq barədə saziş imzalamaq, ilkin mərhələdə ölkəmizin bu komissiyanın cəlb olunmuş üzvü, gələcəkdə isə bərabərhüquqlu üzvü olmaq niyyətlərindən də bəhs edən Heydər Əliyev Azərbaycanla Belçika arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin vacibliyinə də toxunmuşdu.
Söhbət zamanı Prezident Heydər Əliyevin bu yaxınlarda cənab Deana göndərdiyi məktub ətrafında da müzakirə getdi. Heydər Əliyev Avropa Birliyi komissiyasının 1995-ci ilin ikinci yarısı və 1996-cı il üçün yardım proqramını müzakirə edərkən, Azərbaycana əlavə yardım ayrılmasına kömək göstərməyi Belçikanın Baş nazirindən xahiş etdi. Cənab Dean bu məsələdə əlindən gələn köməyi edəcəyini söylədi. Sonra o, Azərbaycanda hazırkı ictimai-siyasi vəziyyətə və iqtisadi islahatların gedişinə maraq göstərdi.
Ölkəmizin iqtisadiyyatının çox ağır vəziyyətdə olduğunu qeyd edən dövlət başçısı bildirdi ki, bu, bir tərəfdən Ermənistanın Azərbaycana qarşı yeddi ildən bəri davam edən hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizindən çoxunun işğal olunması, bir milyondan artıq azərbaycanlının qaçqın düşməsi və onların ağır vəziyyətdə çadırlarda yaşaması ilə, digər tərəfdən isə bir sıra ölkələrlə iqtisadi əlaqələrimizin pozulması ilə bağlıdır.
Heydər Əliyev dedi ki, keçmiş SSRİ dağıldıqdan sonra əvvəllər bir-biri ilə sıx inteqrasiyada olmuş respublikalar arasında əlaqələrin pozulması və bunun nəticəsində iri sənaye müəssisələrimizin tam gücü ilə işləməməsi, Azərbaycanın bir ictimai-siyasi sistemdən digərinə keçməsi və bazar iqtisadiyyatına keçidin yaratdığı obyektiv səbəblər də ölkənin çətin iqtisadi vəziyyətə düşməsinə gətirib çıxarmışdır.
Belçikanın yaxından iştirakı ilə Avropa Birliyi xətti üzrə Azərbaycana göstərilən ərzaq yardımından danışan Prezident Heydər Əliyev bu köməyə görə də Belçika hökumətinə minnətdarlıq etdi və bildirdi ki, Avropa Birliyinin belə yardımına respublikamızın hələ çox ehtiyacı vardır.
Azərbaycanın geniş potensial imkanlarından xəbərdar olduğunu bildirən cənab Dean Belçikanın bir sıra şirkətlərinin respublikamıza sərmayə qoymaq istədiklərini vurğuladı. Onun fikrincə, bunun əsas təminatı Azərbaycanda siyasi sabitlik olmasıdır. Baş nazir ölkəmizə sərmayə qoyuluşu üçün müvafiq qanunvericilik aktlarının olub-olmamasına və Azərbaycanda demokratik islahatların gedişi vəziyyətinə xüsusi maraq göstərdi.
Azərbaycan Prezidenti ölkəmizdəki mövcud ictimai-siyasi vəziyyətdən geniş bəhs etdi və dedi ki, müstəqilliyimizə xələl gətirmək istəyən daxili və xarici qüvvələrin müəyyən cəhdlərinə baxmayaraq, ölkədə vəziyyət sabitdir. Heydər Əliyev əlavə etdi ki, Azərbaycanın qapıları bütün xarici şirkətlər üçün açıqdır və buraya kifayət qədər sərmayə qoyulması üçün lazımi qanunvericilik aktları və yaxşı şərait vardır. O, Azərbaycanın xarici ölkələrin neft şirkətləri konsorsiumu ilə bağladığı “Əsrin müqaviləsi”ndən də söhbət açdı və bunun deyilənlərə əyani və parlaq sübut olduğunu vurğuladı. Dövlət başçısı həmçinin qeyd etdi ki, Azərbaycan təkcə neft sahəsində yox, digər sahələrdə də xarici ölkələrlə, o cümlədən Belçikanın şirkətləri ilə sıx əməkdaşlıq qurmaq istəyir.
Görüş zamanı Dağlıq Qarabağ münaqişəsi, müharibəyə sülh yolu ilə son qoyulması istiqamətində görülən tədbirlər və ATƏT-in Minsk qrupunun apardığı işlər haqqında da söhbət getdi. Müharibədə ilk uzunmüddətli atəşkəs rejiminin davam etməsindən danışan Prezident Heydər Əliyev qeyd etdi ki, Azərbaycan “nə müharibə, nə sülh” vəziyyəti ilə barışa bilməz. O həmçinin dedi ki, ölkəmiz sülhə nail olmaq üçün əməli mövqedə durur və bir sıra təkliflərlə çıxış edir, ATƏT-in Minsk qrupu vasitəsilə böyük sülh sazişi əldə olunmasına üstünlük verir. Heydər Əliyevin fikrincə, bölgəyə beynəlmiləl tərkibli sülhü mühafizə qüvvələrinin göndərilməsi haqqında ATƏT-in Budapeşt zirvə toplantısında qəbul edilmiş mühüm qərar yerinə yetirilməzdən əvvəl böyük sülh sazişi imzalanmalı, Azərbaycanın işğal olunmuş bütün əraziləri azad edilməli, qaçqın düşmüş Azərbaycan vətəndaşları öz yerlərinə qayıtmalıdırlar. Prezident əlavə etdi ki, Azərbaycan Dağlıq Qarabağda yaşayan ermənilərin və azərbaycanlıların təhlükəsizliyini təmin etməyə hazırdır.
Görüş zamanı tərəflər böyük dövlətlərin Qafqazda yeritdikləri siyasətdən də söhbət açdılar.
Görüşün sonunda Baş nazir cənab Dean ölkələrimizin dostluq münasibətlərini daha da inkişaf etdirmək, dövlətlərimiz arasında saziş imzalamaq üçün Azərbaycan Prezidenti Heydər Əliyevi Belçikaya rəsmi səfərə dəvət etdi. Cənab Deanın fikrincə, bu səfər zamanı Azərbaycan Prezidenti Brüsseldəki bir çox beynəlxalq təşkilatlara da baş çəkmək və onların rəhbərləri ilə görüşlər keçirmək imkanı qazanar.
Azərbaycan rəhbəri bu dəvəti məmnuniyyətlə qəbul etdi və öz növbəsində Belçikanın Baş nazirini ölkəmizə rəsmi səfərə dəvət etdi.
Prezident Heydər Əliyev Belçikanın Azərbaycandakı səfiri ilə görüşündən də söhbət açdı və ölkəmizin Belçikada səfirliyinin açılması haqqında qərar qəbul etdiyini bildirdi.
Cənab Dean bu addımın ölkələrimiz arasında münasibətlərin inkişafına müsbət göstərəcəyini söylədi və Azərbaycan səfirliyi üçün Brüsseldə lazımi şərait yaradılmasına kömək edəcəyini bildirdi.
Görüşdə Azərbaycan Respublikası Baş nazirinin vəzifəsini icra edən Fuad Quliyev, dövlət müşaviri Vahid Axundov, Baş nazirin müavini İzzət Rüstəmov, xarici işlər naziri Həsən Həsənov iştirak edirdilər.