SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ ŞURASI QHT-LƏRDƏN 561 LAYİHƏ QƏBUL ETMİŞDİR
Bakı, 16 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2009-cu ildə QHT layihələrinin maliyyələşdirilməsi üçün elan etdiyi növbəti maliyyə yardımı müsabiqəsi başa çatmışdır. Yanvarın 15-dən fevralın 15-dək Şura Katibliyinin əməkdaşları layihələrin qəbulunu həyata keçirmişlər. Həmin müddətdə Şura QHT-lərdən 561 layihə qəbul etmişdir.
2008-ci ildə Şuranın elan etdiyi maliyyə yardımı müsabiqəsinə 361 QHT layihə təqdim etmişdi. Bu il layihələrin çoxluğu qiymətləndirmə mərhələsində Şuranın daha çevik və obyektiv işləməsini zəruri etmişdir.
Hazırda layihələr Şuranın müəyyən etdiyi istiqamətlər üzrə qruplaşdırılaraq qiymətləndirilmə mərhələsindədir. QHT nümayəndələrinin çoxsaylı müraciətlərini və suallarını nəzərə alan Şura layihələrin qiymətləndirilməsi qaydaları və mərhələləri barədə məlumatı internet saytında təqdim etmişdir.
Maliyyə müsabiqəsinə aid əlavə məlumatları Şuranın internet səhifəsindən əldə etmək olar: www.cssn.gov.az ; [email protected]; [email protected].
Layihə təkliflərinin hazırlanması və təqdim edilməsi mərhələsində Şuranın katibliyi tərəfindən QHT-lərə məsləhətlər verilmiş, təşkilati-texniki yardımlar göstərilmişdir.