AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ- ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Zati-aliləri!
İcazə verin, Neyşns Enerji şirkətinin rəhbərliyi və əməkdaşları adından Sizi 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edək, Sizə cansağlığı, tükənməz enerji və Azərbaycanı parlaq gələcəyə aparan bir çox illər arzulayaq. Biz Azərbaycanda olmaqdan və ölkənin neft sənayesində fəaliyyət göstərməkdən şərəf hissi duyuruq.
Xoşbəxtlikdən, bu il biz Azərbaycan Respublikasının quru sahəsində çox perspektivli hesab olunan iki layihədə pay əldə etməyə nail olduq. Azərbaycanda iş görmək üçün imkan yaratdığınıza və ölkədə olduğumuz ilk günlərdən bizə göstərilən səmimi diqqətə görə Sizə təşəkkürümü bildirirəm. Əminik ki, qısa müddət ərzində biz Mişovdağ və Kəlaməddin yataqlarının hasilatını əhəmiyyətli dərəcədə artırmağa nail olacağıq. Eyni zamanda, Padar sahəsinin və ona bitişik strukturların böyük potensiala malik olduğuna inanırıq.
Azərbaycanın böyük və şərəfli neft sənayesi tarixi vardır. Bu sahədə texniki və intellektual potensiala malik olan bacarıqlı və istedadlı insanlar çalışır. Sizin şəxsi səyləriniz sayəsində Azərbaycan bir ölkə kimi, öz iqtisadi və ictimai inkişafında sürətlə irəliləmişdir. Azərbaycanın son on il ərzindəki nailiyyətləri böyük təəssürat bağışlayır. Sizin neft strategiyanız ölkənin neft sənayesinin inkişafına önəmli təkan vermişdir. Son 8 ildə Azərbaycan tərəfindən imzalanmış 20- dən artıq pay bölgüsü sazişləri sərmayədarların Sizin ölkənizə göstərdiyi güclü inamın sübutudur. Qürur hissi ilə “Əsrin müqaviləsi” adlandırılan ilk müqavilə həm Azərbaycan, həm də sərmayədarlar üçün çox sərfəli olmuşdur. “Şahdəniz” layihəsi Azərbaycanın daha bir parlaq ulduzudur. Əminəm ki, yaxın gələcəkdə biz bu yatağın zəngin qaz ehtiyatlarının işlənilməsinin şahidi olacağıq və bununla Azərbaycan dünya miqyaslı qaz ixrac edən ölkələr sırasına çıxacaqdır. Sizin siyasətiniz sayəsində Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasına dair müvafiq tədbirlər həyata keçirilmişdir. Bir müddət öncə isə biz hamımız Bakı-Tbilisi-Ceyhan boru kəmərinin təməlinin qoyulmasını qeyd etmişik və mən inanıram ki, qaz kəmərinin tikintisi də tez bir vaxtda başlanacaqdır.
Azərbaycana uğur qazandıran daha bir vacib amil onun siyasi və ictimai sabitliyidir. Bu sahədə Sizin şəxsi rolunuz əvəzsiz və misilsizdir. Azərbaycan Respublikası artıq suveren, demokratik, öz iqtisadiyyatını sərbəst bazar prinsipləri əsasında quran dövlətə çevrilmişdir. Azərbaycanın Avropa Şurasına üzv olması bunun bariz nümunəsidir.
Təbiidir ki, Azərbaycanın yeni dövrdə qazandığı bütün nailiyyətləri Sizin dahi adınızla bağlıdır. Bunların heç birini Sizin əməyiniz, siyasətiniz və şəxsi səyləriniz olmadan təsəvvür etmək mümkün deyildir. Azərbaycan, onun xalqı və biz - burada yaşayıb işləyənlər Sizi bu ölkənin lideri kimi görməyə çox şadıq. Sizin liderliyiniz, müdrik və uzaqgörən siyasətiniz aparılan islahatların qətiyyətinə zəmanətdir.
Sizi ad gününüz münasibətilə bir daha ürəkdən təbrik edir, Sizə cansağlığı, uzun ömür, Azərbaycan xalqının rifahı və ölkənin tərəqqisi naminə fəal həyat arzu edirəm.
Hörmətlə,
Haşim Cocohadikusumo
“Neyşns Enerji Kompani Ltd.”nin
Direktorlar Şurasının sədri
10 may 2003-cü il