Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVƏ

Çox hörmətli cənab Prezident! 

MDB Qiymətləndiricilər Birlikləri Şurası adından Sizi - görkəmli dövlət xadimini və siyasi xadimi, Azərbaycan xalqının şanlı oğlunu gözəl yubileyiniz - anadan olmağınızın 80 illiyi münasibətilə ürəkdən təbrik edirik. Sizə möhkəm cansağlığı, Azərbaycan xalqının səadəti, Azərbaycanın çiçəklənməsi, ərazi bütövlüyünün bərpası və Qafqaz bölgəsində sabitlik naminə uzun illər səmərəli fəaliyyət arzulayırıq. Sizin dövlətçilik zəkanız, tarixin ən mürəkkəb eniş-yoxuşlarında dövləti idarə etmək məharətiniz, cəmiyyəti sıx birləşdirmək qabiliyyətiniz, ən çətin şəraitdə və vəziyyətlərdə öz xalqınızın mənafelərini müdafiə etmək bacarığınız təkcə Azərbaycanda deyil, həm də onun hüdudlarından çox-çox uzaqlarda Sizə milyonlarla insanın dərin ehtiramını qazandırmışdır. Son 30 ildən artıq müddət ərzində Azərbaycan xalqının bütün mühüm nailiyyətləri Sizin adınızla və çoxşaxəli fəaliyyətinizlə bağlıdır. Yaşlı nəsil 1970-80-ci illərin dillər əzbəri olmuş bir kəlamı - “Azərbaycan iri addımlarla irəliləyir” ifadəsini yaxşı xatırlayır. Doğrudan da, o dövrdə Azərbaycan Respublikası öz qətiyyətli lideri Heydər Əliyevin rəhbərliyi ilə irəliyə mətin addımlarla gedirdi.

Heydər Əliyevin müdrik rəhbərliyi ilə gənc suveren Azərbaycan Respublikasının iqtisadiyyatda, mədəniyyətdə, dövlət quruculuğunda, tarazlaşdırılmış xarici siyasət yeridilməsində yeni-yeni uğurlar qazanaraq, bu gün də əzmlə irəliləməsini müşahidə etmək bizə məmnunluq və fərəh duyğuları bəxş edir. Sizin səmərəli siyasi və dövlətçilik fəaliyyətiniz xalqına sədaqətlə xidmət nümunəsi olmaqla yanaşı, həmçinin başqa xalqlara da fayda gətirə biləcək çox dəyərli bir təcrübə mənbəyidir.

Əziz Heydər Əlirza oğlu!

Şanlı yubileyiniz münasibətilə Sizi və bütün Azərbaycan xalqını MDB Qiymətləndiricilər Birlikləri Şurası adından bir daha təbrik edirik. Sizə uzun ömür, möhkəm cansağlığı, gərgin fəaliyyətinizdə yeni böyük uğurlar, tarixə belə övlad bəxş etmiş Azərbaycan xalqına isə yeni nailiyyətlər, sülh və tərəqqi arzulayırıq!

Dərin hörmətlə,

Nikolay Trifonov

MDB Qiymətləndiricilər Birlikləri

Şurasının sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin