Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Möhtərəm cənab Prezident,

Qardaş Türkiyədə təhsil alan minlərlə Azərbaycanlı tələbə adından Sizi - xalqımızın artıq dünya tarixinə daxil olmuş dahi şəxsiyyətini, zəmanəmizin ən görkəmli dövlət xadimlərindən, siyasi liderlərindən sayılan əziz dövlət başçımızı anadan olmasının 80 illiyi münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, doğma Azərbaycanımızın tərəqqisi, çiçəklənməsi, müstəqilliyimizin dönməzliyi naminə bundan sonra da uzun illər uğurlu fəaliyyət arzulayırıq.

Azərbaycanın yeni tarixində iqtisadiyyatın, sosial həyatın, elmin və mədəniyyətin bütün sahələrində misilsiz xidmətlər göstərən Zati-Alinizin xüsusi diqqəti və sonsuz qayğısı sayəsində böyüməkdə olan nəsillərə, yeniyetmələyə və gənclərə təhsil almaq, peşəkar mütəxəssis kimi yetişmək, Vətənə layiq vətəndaş kimi böyümək üçün lazım olan hər bir şərait yaradılmışdır. Ölkəmizə rəhbərlik etdiyiniz 10 illiklərdə, Sizin müdrik qərarlarınızla ölkəmizdə təhsil müəssisələrinin şəbəkəsi bir neçə qat genişləndirilmiş, Azərbaycan məktəbinin maddi-texniki bazası kökündən yaxşılaşdırılmış, azərbaycanlı gənclər dünyanın ən böyük, ən nümunəvi ali məktəblərində görkəmli alim-pedaqoqların mühazirələrini dinləyərək, yüksək ixtisaslı mütəxəssislər kimi formalaşırlar, bu mütəxəssislərin fəaliyyəti indi yalnız doğma Azərbaycanda deyil, dünyanın ən inkişaf etmiş ölkələrində də dəyərləndirilir.

Sizin göndərişinizlə müxtəlif ölkələrdə təhsil alan tələbələrin səsi indi dünyanın hər guşəsindən gəlir, onların hamısının qəlbində vətən sevgisi və böyük rəhbərə məhəbbət yaşayır.

Möhtərəm cənab Prezident!

Bizim hər birimiz özümüzü Sizin övladınız sayırıq, təhsilimizi başa vuran kimi doğma Vətənimizə qayıdacaq, hərəmiz öz sahəmizdə yardımçınız olacağıq, Ali Baş Komandan kimi Zati-Alinizin əsgərləriyik və hər an əmrinizə müntəzirik.

Zati-Alinizin daxili və xarici siyasətini ürəkdən bəyənir, yeni Prezident seçkilərində Sizin namizədliyinizi dəstəklədiyimizi bəyan edirik.

Sizi bir daha ürəkdən təbrik edir və möhkəm cansağlığı arzulayırıq.

Dərin hörmətlə,

Türkiyədə Təhsil alan tələbələr

1700 nəfər

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin