AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Çox hörmətli cənab Prezident!
Sizi, dünyanın ən böyük siyasi xadimlərindən birini yubiley gününüz- anadan olmağınızın 80-ci ildönümü münasibətilə təbrik etmək Bakı Dövlət Universitetinin çoxminlik professor-müəllim və tələbə heyəti üçün çox böyük şərəfdir. Biz Bakı Dövlət Universitetinin dünya şöhrətli məzununa bu yubiley günündə ən səmimi təbriklərimizi çatdırmaqdan sonsuz qürur duyuruq.
Zati-Aliləri!
Siz Azərbaycan xalqının yetişdirdiyi dahi şəxsiyyətlərdən birisiniz. Sizin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləriniz vardır. XX əsrdə gördüyünüz böyük işləri, tarixi missiyalarınızı xalqımız dünya durduqca qiymətləndirəcəkdir. Azərbaycan xalqının elm, mədəniyyət və təhsil sisteminin əsrin üçdə biri qədər tarixi, onun inkişafı və uğurları Sizin adınızla bağlıdır. Heydər Əliyev erası Azərbaycan tarixinin əsl intibah dövrüdür.
Öz müstəqilliyini əldə etmək uğrunda mübarizələr meydanına atılmış xalqımızın ən ağır günlərində də Siz ona həyan olmusunuz. 1993-cü ildə xalqın tələbi və təkidi ilə Sizin möhtəşəm qayıdışınız baş verməsəydi, bugünkü müstəqil Azərbaycan dövlətindən söhbət gedə bilməzdi. Sizin qayıdışınızla ölkədə hərc-mərcliyin qarşısı alındı, artıq başlanmış vətəndaş müharibəsinə imkan verilmədi, bəzi daxili və xarici qüvvələrin Azərbaycanı parçalamaq kimi məkrli niyyətləri baş tutmadı, dövlət çevrilişi ənənələrinə, hər cür anarxiya və xaosa birdəfəlik son qoyuldu.
Cənab Prezident!
Sizin rəhbərliyinizlə ölkəmizdə demokratik dəyərlərə üstünlük verilməsi nəticəsində Azərbaycan dünyanın sivil ölkələrindən birinə çevrilmişdir və ən mötəbər qurumlara inteqrasiya etməkdədir. 2001-ci ildə Azərbaycanın Avropa Şurasına qəbul edilməsi kimi tarixi bir qələbəni də məhz Siz təmin etmisiniz. AŞPA-da Azərbaycan Parlamenti nümayəndə heyətinin rəhbəri olan cənab İlham Əliyevin bu qurumun sədr müavini və Büro üzvü seçilməsi də göstərir ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu güclənmişdir. Bu, Azərbaycanın gələcəyinə inamı daha da artırır.
Sizin ən böyük xidmətlərinizdən biri də Azərbaycanın müstəqilliyini əbədi etmək üçün yorulmadan çalışmağınızdır. Məhz Sizin siyasətiniz nəticəsində ölkədə daxili sabitlik hökm sürür, iqtisadiyyatımızda dirçəliş baş vermişdir. Aparılan islahatlar öz nəticəsini verməkdədir. 1994-cü ildə məşhur Qərb şirkətləri ilə “Əsrin müqaviləsi” hesab olunan neft müqaviləsinin imzalanması, Azərbaycan neftinin Qərbə çatdırılması üçün artıq reallığa çevrilmiş Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilməsi, TRASEKA proqramını həyata keçirilməyə başlaması Azərbaycanı bir dünya dövlətinə çevirmişdir. Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı göstərdiyiniz böyük səylər və görülən işlər, heç şübhəsiz öz nəticəsini verəcəkdir. Azərbaycan xalqı Sizə inanır, məhz Sizin müdrik rəhbərliyinizlə torpaqlarımızın azad olunacağı, ərazi bütövlüyümüzün bərpa ediləcəyi günü gözləyir.
Cənab Prezident!
Bakı Dövlət Universiteti Sizin kimi dünya şöhrətli məzunu ilə hər zaman fəxr edir. “Azərbaycan xalqının milli sərvəti” hesab etdiyiniz, fəxri doktoru olduğunuz universitetimizin kollektivi bundan sonra da Sizin apardığınız siyasətin ən böyük dəstəkçisi olacaqdır. Bu gün Sizin apardığınız böyük siyasət nəticəsində Bakı Dövlət Universiteti dünyanın qabaqcıl təhsil və elm mərkəzləri sırasına çıxmışdır. Bakı Dövlət Universitetinin kollektivi bütün dövrlərdə Sizin siyasətinizin daşıyıcısı olmuşdur. Bu gün də BDU-nun kollektivi Azərbaycan dövlətçiliyinin və Azərbaycan Prezidentinin sosial dayağıdır.
Hörmətli Heydər Əlirza oğlu!
Sizin uzaqgörən siyasətiniz və yüksək dövlətçilik fəaliyyətiniz sayəsində doğma Azərbaycanımız inkişaf edir. Ölkəmizin tərəqqisinin ana xəttini Heydər Əliyevlə xalqın birliyi təşkil edir. Bu birlik XXI əsrdə də Azərbaycanın böyük uğurlar qazanmasına təminat verəcəkdir. Siz bütün mənalı ömrünüzü, qüvvə və bacarığınızı Azərbaycan xalqının azadlığı, müstəqilliyi və səadəti uğrunda mübarizəyə həsr etmiş böyük el ağsaqqalısınız. Azərbaycan xalqı Sizi yenidən Prezident kürsüsündə görəcəkdir. Biz buna əminik.
Cənab Prezident!
Bir daha Sizi yubileyiniz münasibətilə təbrik edirik. Sizə, Azərbaycan xalqının xilaskarına, dövlətimizin əvəzolunmaz rəhbərinə uzun ömür, möhkəm cansağlığı, millətimizin xoşbəxt gələcəyi naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!
Dərin hörmətlə,
BDU-nun professor-müəllim
heyəti və tələbələri