Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Zati-aliləri,

Hörmətli cənab Prezident!

80 illik əlamətdar yubileyiniz münasibətilə Sizə BP şirkətinin bütün əməkdaşları və tərəfdaşları adından ən səmimi və hərarətli təbriklərimi çatdırıram. Bu unudulmaz gün bizə Sizin uzaqgörən rəhbərliyiniz altında ölkənin neft və qaz sənayesində əldə olunan mühüm nailiyyətlərə və bu sahədə bərabər keçdiyimiz yollara bir daha yaxından nəzər salmağa şərait yaradır. Bu qədər əhəmiyyətli uğurlar məhz Sizin uzaqgörən rəhbərliyinizin nəticəsi olaraq gerçəkləşə bilmişdir. Həqiqətən də, bu gün ölkənin neft və qaz sənayesinin inkişafında yeni, əlamətdar bir mərhələnin təcəssümü olaraq xüsusi önəm daşıyır. Elə bir mərhələnin ki, bu, Azərbaycanın təbii ehtiyatlarından onun xalqının və ümumən bölgənin işıqlı sabahı naminə istifadə edilməsi ilə bağlı uzaqgörən baxışlarınızı gerçəkliyə çevirəcəkdir.

Biz də öz növbəmizdə fəxr edirik ki, həyata keçirdiyimiz çoxmilyardlı dollarlıq sərmayə qoyuluşları ölkənin neft və qaz hasilatının artırılmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Həmin sərmayə qoyuluşu proqramları, iqtisadi əhəmiyyəti ilə yanaşı, eyni zamanda, mümkün olan ən yüksək beynəlxalq təhlükəsizlik, ətraf mühitin mühafizəsi və biznes etikası standartlarına uyğun olaraq yerinə yetirilir. Biz həmçinin həyata keçirdiyimiz sərmayə qoyuluşları vasitəsilə uzunmüddətli iş imkanlarının yaradılmasına və ölkə infrastrukturunun inkişafına öz töhfəmizi təmin etməyi qarşımıza məqsəd qoymuşuq. Bunlar güclü və rəqabətə davamlı bazar iqtisadiyyatı inkişafının mühüm amillərindəndir.

2003-cü ilin may ayında “Çıraq” yatağında ümumi hasilatın həcmi 200 milyon barreli təşkil edəcəkdir. Sizin yaxından iştirakınız və dəstəyiniz nəticəsində hazırda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin tammiqyaslı işlənilməsi böyük sürətlə gedir və cədvələ müvafiq olaraq, 2004-cü ilin sonunda ilk neftin hasilatını təmin edə biləcəkdir.

Sizin dəyərli rəhbərliyinizdən faydalanan daha bir mühüm təşəbbüs, yəni BTC şirkətinin yaradılması ilə mühüm irəliləyiş müşahidə olunur. Layihə bu il yüksək göstəricilərə nail olmuşdur və hər üç ölkədə qrafikə tam uyğun həyata keçirilməkdədir. Nazirlər Kabinetinin 7 aprel tarixli qərarına uyğun olaraq, torpaq kompensasiyalarının ödənilməsi prosesinə başlanmışdır ki, bu da iyun ayında başa çatacaqdır. Eyni zamanda, artıq hər üç ölkədə layihənin inşaat mərhələsi başlamışdır. BTC layihəsi yalnız Azərbaycan neftinin dünya bazarına ixrac edilməsinə mühüm töhfə olaraq qalmayacaqdır. Bu, eyni zamanda bölgədə iqtisadi inkişafı sürətləndirəcək, regional sülh və təhlükəsizlik məsələləri üçün əhəmiyyət daşıyan müttəfiqlik əlaqələrini daha da möhkəmləndirəcəkdir. Bilirəm ki, bunlar Sizin qəlbən önəm verdiyiniz məsələlərdir.

“Şahdəniz” layihəsinin birinci mərhələsinin fevralın 27-də sanksiyalaşdırılması Xəzər dənizini Türkiyə və onun hüdudlarından kənardakı ölkələrlə birləşdirəcək Şərq-Qərb enerji dəhlizinin daha da möhkəmləndirilməsinə geniş imkanlar açır. Layihənin tikinti işləri artıq başlamışdır və ilk qaz 2006-cı ilin sonunda Azərbaycan, Gürcüstan və Türkiyəyə çatdırılacaqdır.

Sizin davamlı dəstəyinizlə biz bölgədə dünya səviyyəsinə cavab verən biznes təcrübəsi yaradırıq və inanıram ki, sıx əməkdaşlığımız şəraitində biz bütün məqsədlərimizə nail olmağa tam hazırıq. Qəti əminik ki, bu layihələr Azərbaycanı qlobal enerji bazarının aparıcı qüvvəsinə çevirməklə bağlı Sizin uzaqgörənliklə yaşatdığınız ideyanıza mühüm bir töhfə olacaq və ölkəyə sərmayə qoyuluşları axınına əhəmiyyətli dərəcədə yol açacaqdır. Azərbaycan, onun xalqı və tərəfdaşları üçün bu gözəl gündə, bu fərəhli anlarda Sizə cansağlığı, xalqınızın və bölgənin xoşbəxtliyi və inkişafı naminə həyata keçirdiyiniz yorulmaz işlərinizdə, tükənməz fəaliyyətinizdə sonsuz uğurlar arzulayıram.

Mən Sizin Ankaraya səfərdən Bakıya dönməniz barədə xəbərdən son dərəcə məmnun oldum. Biz BP-də hamımız tam nikbinliklə əminik ki, səhhətinizin gümrahlığı tezliklə öz uğurlu nəticəsini göstərəcək və Siz Azərbaycan xalqına və Cənubi Qafqaz bölgəsinə sülh, iqtisadi tərəqqi və çiçəklənmə gətirən tarixi missiyanızı durmadan davam etdirəcəksiniz.

Dərin hörmət və ehtiramla,

Devid Vudvord

“BP Azərbaycan” şirkətinin prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin