AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Çox hörmətli cənab Prezident!
Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti Sizi səmimi qəlbdən salamlamağı özünə böyük şərəf bilir və xahiş edir ki, 80 illik yubileyiniz münasibətilə bizim atəşin təbriklərimizi qəbul edəsiniz.
Bu ildönümü Azərbaycan və Rumıniya ictimaiyyətinin geniş dairələri üçün əlamətdardır. Rumıniyanın Prezidenti cənab İ.İliyeskunun 2002-ci ilin oktyabr ayında Azərbaycan Respublikasına tarixi səfəri, ikitərəfli müqavilə və sazişlərin imzalanması qardaş ölkələrimiz arasında ənənəvi xeyirxahlıq və dostluq münasibətlərinin daha da inkişaf etməsinə böyük təkan vermişdir.
Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti də Azərbaycanın Rumıniyadakı səfirliyinin dəstəyi ilə xalqlarımız arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsi və əlaqələrin genişlənməsi üçün əlindən gələni edir.
Bildiyiniz kimi, 2002-ci ildə “Azərbaycanın dirçəlişi” kitabı rumın dilində çapdan çıxmışdır. Kitab müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dövlətinin təşəkkülünə, demokratiya quruculuğundakı müvəffəqiyyətlərinə, habelə ölkənizin inkişafı və çiçəklənməsi yolunda Sizin yorulmadan göstərdiyiniz fəaliyyətə həsr edilmişdir. Rumıniya ictimaiyyətinin daha geniş dairələrini, o cümlədən xarici dövlətlərin ölkəmizdə olan çoxsaylı nümayəndələrini həmin kitabın məzmunu ilə tanış etmək üçün biz Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin köməyi ilə bu günlərdə onu ingilis dilində çapdan buraxmışıq.
Rumıniyada Sizi keçid dövrünün çox ağır şəraitinə, əzəli Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal edilməsinə və bir milyondan çox qaçqın olmasına baxmayaraq ölkədə siyasi sabitliyi bərqərar etməyi, demokratik dəyişikliklər aparmağı, daxili və xarici siyasətdə əsaslı dəyişikliklər etməyi və Azərbaycanı bazar iqtisadiyyatı yoluna istiqamətləndirməyi bacarmış bir siyasətçi kimi tanıyırlar. Sizin şəxsi işgüzarlıq keyfiyyətləriniz, fenomenal iş qabiliyyətiniz, müdrikliyiniz, böyük siyasi nüfuzunuz və beynəlxalq şöhrətiniz Azərbaycanın dünya və Avropa strukturlarına inteqrasiya olunmasını və dünya birliyində layiqli yer tutmuş müstəqil Azərbaycan dövlətinin iqtisadi və sosial yüksəlişinin təməlinin qoyulmasını mümkün etmişdir.
Çox hörmətli cənab Prezident!
İcazə verin, Sizi 80 illik yubileyiniz münasibətilə bir daha hərarətlə və ürəkdən təbrik edək, Sizə möhkəm cansağlığı, uzun ömür, şərəfli və çətin əməyinizdə yeni müvəffəqiyyətlər arzulayaq.
Hörmətlə,
İoan Pop de Popa
Cəmiyyətin baş katibi, senator, akademik
Simion Yurak
Cəmiyyətin sədri, professor
Corc Qeara
Cəmiyyətin İdarə Heyəti Şurasının üzvü,
sahibkar
Bəhruz Əsədbəyli
Cəmiyyətin İdarə Heyəti Şurasının üzvü,
sahibkar