AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Hörmətli Heydər Əlirza oğlu!
80 illik yubileyiniz münasibətilə ən xoş, səmimi və ürəkdən gələn təbriklərimizi qəbul edin.
Elə insanlar var ki, onların irəlidə, göz qabağında olması, başqalarından fərqlənməsi sanki öncədən alınlarına yazılmışdır. Onlarla ayaqlaşmağa çalışırlar, onları nümunə göstərirlər, məsuliyyətin əsas yükünü də onlar daşıyırlar, tarixin gedişinə məhz onlar təsir göstərirlər.
Haqlı olaraq, Siz də belə insanlar sırasındasınız. Siz bütün ömrünüzü Vətənə fədakarcasına xidmətə həsr etmisiniz. Siz mənim təsəvvürümdə vətənpərvər, dövlətin ali mənafeləri uğrunda güzəştsiz mübariz obrazının təcəssümüsünüz.
Azərbaycan xalqı Sizə daim yüksək etimad göstərir, Sizi iki dəfə respublikanın Prezidenti seçmişdir.
Dövlət idarəçiliyinin ən çətin məsələlərini vaxtında həll etmək bacarığınız və mürəkkəb dünya siyasi prosesində yarım addım öndə olmaq istedadınız Sizi müasir dövrün aparıcı dövlət xadimləri ilə bir sıraya çıxarır. Sizin adınız təkcə Azərbaycan Respublikasında deyil, onun hüdudlarından kənarda da geniş məşhurdur. Siz Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin dövlətlərarası münasibətlərinin təşəkkülü, inkişafı və möhkəmlənməsi işinə misilsiz töhfə vermisiniz.
Mübalığəsiz demək olar ki, beynəlxalq mütəşəkkil cinayətkarlıqla mübarizə işində güzəştsiz mövqeyiniz, habelə hüquq-mühafizə orqanlarının antiterror və antikriminal fəaliyyətini MDB-nin üzvü olan dövlətlərin Daxili İşlər Nazirləri Şurası çərçivəsində əlaqələndirmək sahəsində apardığınız böyük iş ümumən Birliyin bütün ərazisində, o cümlədən Qafqaz regionunda sabitliyin möhkəmlənməsinə çox kömək edir.
Biz uzun illər ərzində Azərbaycanı və Rusiyanı bir-birinə bağlayan dostluq və əməkdaşlıq ənənələrini çox əziz tuturuq və Azərbaycan DİN ilə Rusiya DİN arasında çoxsəpkili qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə və daha da inkişaf etməsinə göstərdiyiniz diqqəti yüksək qiymətləndiririk.
Bu məsul və çox gərgin işin mənəvi və fiziki qüvvələri son dərəcə cəmləşdirməyi tələb etdiyini və çoxlu belə qüvvə aldığını başa düşərək, 80 illiyinizin bu əlamətdar günündə Sizə möhkəm cansağlığı, uzun ömür və qardaş Azərbaycan xalqının rifahı naminə şərəfli dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulamaq istəyirik. Qoy evinizdən xoşbəxtlik və sevinc əskik olmasın.
Boris Qrızlov
Rusiya Federasiyasının daxili işlər naziri
Moskva, 10 may 2003-cü il