Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli cənab Prezident,

Azərbaycan Respublikasının milli bayramı - Respublika günü münasibətilə bütün polyak xalqı adından və şəxsən öz adımdan Sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edir və Sizə əmin-amanlıq, müstəqil dövlətinizin iqtisadi və demokratik inkişafında yeni uğurlar arzulayıram.

Polşa Respublikası və Azərbaycan Respublikası arasında ənənəvi dostluq münasibətləri mövcuddur və Sizin şəxsi səyləriniz sayəsində bu münasibətlər son vaxtlar daha yüksək səviyyəyə çatmışdır. Qonaqpərvər ölkənizdə Sizinlə görüş zamanı müəyyən edilmiş məqsədlərin həyata keçirilməsi üçün yaxşı imkanlar yaranır.

Polyak və Azərbaycan xalqlarını qədim tarix birləşdirir. Azərbaycanın neft sənayesinin inkişafında və Sizin paytaxtınız Bakı şəhərinin zahiri görünüşünün formalaşmasında polyak mühəndislərin və memarların rolu məlumdur. Azərbaycanın çətin tarixi Polşada yaxşı məlumdur, Azərbaycanın qonaqpərvərliyini, təhlükəsiz və firavan dövlətin qurulmasına dair Azərbaycan xalqının səylərini biz yüksək qiymətləndiririk.

Sizə və bütün Azərbaycan xalqına əmin-amanlıq və sabitlik arzulayıram və biz ölkələrimiz arasında ikitərəfli münasibətlərimizə yüksək əhəmiyyət veririk.

Polşa tarixi və siyasi mənada mürəkkəb olan, son əsrlər zamanı çoxlu münaqişələrə məruz qalmış Qafqaz regionunda Azərbaycanın mühüm rolunu yüksək qiymətləndirir. İnanırıq ki, Azərbaycan sabit və əməkdaşlıq üçün açıq bir dövlət olaraq, regionda sülhün bərqərar olunmasında və bütün qonşuları ilə konstruktiv münasibətlər qurulmasında böyük uğurlar əldə edəcəkdir.

Dost Azərbaycan Respublikasına səfər etdiyim zaman aldığım xoş təəssuratlar mənim xatirimdədir. Sizi həmçinin ad gününüz münasibətilə ürəkdən təbrik edir, Sizə və yaxınlarınıza möhkəm cansağlığı, əmin-amanlıq arzulayıram.

Dərin hörmətlə,

Aleksandr Kvasnevski

Polşa Respublikasının Prezidenti

Varşava, 28 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin