Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Zati-aliləri, 

Xəzər neft və qaz-2003 sərgi və konfransı bu il özünün on illiyini qeyd edir və əhəmiyyətli bir hadisədir. Şübhəsiz, ona görə ki, o, beynəlxalq status qazanmış bir təşəbbüsün uğurudur. Bu hadisə həmçinin Azərbaycan tarixində yeni bir mərhələ ilə üst-üstə düşür. Belə ki, son aylar ərzində beynəlxalq əhəmiyyətli iki böyük layihə - Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri həyata keçirilməyə başlamışdır. Bu layihələrin hər ikisi Azərbaycanın, habelə Gürcüstanın dünyaya açılmasına şərait yaradacaq, Qafqaz dəhlizinin coğrafi-strateji əhəmiyyətini təsdiq edəcəkdir.

Hər şeydən əvvəl, bu iki layihə Azərbaycanın və qonşu Gürcüstanın davamlı inkişafına yardım edəcəkdir və bu, tərəfinizdən beynəlxalq ictimaiyyətə oktyabr ayında təqdim olunmuş “Yoxsulluğun azaldılması proqramı”nın həyata keçirilməsinə şərait yaradacaqdır. Bu proqram çərçivəsində hökumətiniz sosial səciyyəli və infrastrukturla əlaqəli layihələr həyata keçirəcək və Azərbaycanda yeni yaranan özəl sektor maliyyə dəstəyi əldə edəcəkdir. Digər tərəfdən, neft və qaz kəmərlərinin tikintisi və onlara xidmət müqavilələri yerli şirkətlərlə əməkdaşlıq və subpodrat müqavilələrinin imzalanmasına gətirib çıxaracaqdır.

Başqa bir əhəmiyyətli məsələni də qeyd etmək istərdim. Bu iki layihə texnoloji irəliləyişlərə nail olacaqdır: neft kəmərlərini neftlə təchiz edəcək platforma sütunlarının rekord hündürlüyü, Səngəçal terminalının rekord həcmi, bu layihələr çərçivəsində çirklənmə riskini aradan qaldırmağa yönəldilmiş yüksək təhlükəsizlik normaları. Bununla əlaqədar, icazə verin, BP və onun mühəndislərini və onların ətraf mühitə olan qayğısını alqışlayım.

Fransa-Azərbaycan birgə komissiyası keçən ay ənənəvi olaraq səmimi şəraitdə öz işini davam etdirmişdir. Bu əsnada, iki ölkə arasında neft sahəsində əməkdaşlıq, xüsusən də, Bakı-Tbilisi-Ceyhan konsorsiumuna Total qrupunun daxil olması, Eiffel, Entrepose, Geoservices, Bouygues-Offshore, Spie-Capaq, Technip-Coflexip şirkətlərinin mövcud layihələrin həyata keçirilməsində iştirakı vurğulanmışdır. Spie-Capaq şirkəti eyni zamanda neft kəmərinin və nasos stansiyalarının tikintisinə başlamışdır.

Xəzər neft və qaz - 2003 sərgisində rəsmi stendə malik olan Fransa Azərbaycanın neft sahəsində inkişaf səylərini dəstəkləməyə davam etmək niyyətindədir. Şübhə etmirəm ki, bu, regionda sülhün və sabitliyin mühüm amilidir.

Xəzər neft və qaz - 2003 sərgisinə uğurlar diləyirəm.

Jan-Pyer Raffaren

Fransa Respublikasının baş naziri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin