Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Möhtərəm cənab Prezident!

Ölkəmizin çoxminli təhsil işçiləri, müəllimləri və ziyalıları adından Sizə - milli təhsilimizin böyük təəssübkeşi və himayədarına, Vətənimizin ilk “Xalq müəllimi”nə, müəllimlərin böyük dostuna, müstəqil Azərbaycanda təhsil quruculuğunun müdrik rəhbərinə və yenilməz ideoloquna, müstəqilliyimizin memarı və qurucusu olan ümummilli liderimizə müraciət edərək, Zati-alilərinizi səmimi qəlbdən salamlayır, dərin hörmət və sonsuz ehtiramımızı bildirir, ən xoş arzularımızı və müqəddəs diləklərimizi yetirirəm.

Azərbaycana bir qərinədən artıq müddətdə rəhbərliyiniz dövründə hər zaman təhsilə, təhsil işçilərinə, müəllimə, ziyalıya qayğını dövlətçilik fəaliyyətinin ali, müqəddəs amalı sayan müdrik Prezidentimiz kimi, Zati- alilərinizin növbəti humanist qərarını - millətin gələcəyi olan təhsilin cəfakeşləri, əsl fədailəri olan müəllimlərin əmək haqlarının artırılması barədə tarixi Sərəncamınızla bağlı cəmiyyətimizin aparıcı və öncül nümayəndələri kimi təhsil işçilərinin bu günkü sevinc və minnətdarlıq hissləri, ölkəmizin rəhbərinə böyük inam və güvənc duyğuları sonsuz və tükənməzdir. Böyük minnətdarlıq duyğuları ilə bildirirəm ki, Azərbaycanın təhsil işçiləri, müəllimləri, bütövlükdə ziyalıları Sizin bu müdrik qərarınızı sözün həqiqi və geniş mənasında milli təhsilimizin aydın sabahına, xalqımızın intellektual potensialının yüksəlişinə dövlət başçısının qayğı və diddətinin daha bir yeni parlaq təzahürü sayır, böyük maarifçi Heydər Əliyevin humanist və müqəddəs peşə sahiblərinin əməyinə verdiyi yüksək qiymətinin ifadəsi kimi dəyərləndirirlər.

Əziz və möhtərəm cənab Prezident!

Siz hər zaman Azərbaycan təhsilinin, Azərbaycan müəllimlərinin əməyini yüksək qiymətləndirmiş, təhsil işçilərinə olan dərin hörmət və ehtiram duyğularınızı dəfələrlə ifadə etmiş, əməli fəaliyyətinizlə bunu təsdiq etmisiniz. Sizin rəhbərliyinizlə Azərbaycanda uğurla həyata keçirilən təhsil islahatlarının dönməz xarakter aldığı indiki şəraitdə digər sahələrlə yanaşı, təhsil sahəsində çalışan insanlara dövlət səviyyəsində qayğı göstərərək, onların rifah halının yaxşılaşdırılması, sosial müdafiəsinin möhkəmləndirilməsi məqsədi ilə təhsil işçilərinin əmək haqlarının 50 faiz artırılması, bu məqsədlə Dövlət büdcəsindən 230 milyard manat vəsaitin ayrılması məhz bu böyük atalıq qayğısının ifadəsi, millətimizin gələcəyi olan gənclərin təlim-tərbiyəsi, təhsili ilə məşğul olan müqəddəs peşə sahiblərinə hörmət və diqqətin əsl örnəyidir. Bu Sərəncamın tətbiqi yarım milyona yaxın təhsil işçisinin və deməli, o qədər də Azərbaycan ailəsinin sevincinə səbəb olub, onlarda milli liderimiz, möhtərəm Prezidentimizin rəhbərliyi ilə Vətənimizin aydın sabahına inam və güvənc hisslərini artırıb.

Məhz buna görə də bu Sərəncamın imzalanması ilə bağlı yüz minlərlə təhsil işçisinin kollektiv və fərdi qaydada Zati-alilərinizə minnətdarlıq məktubları və müraciətləri ardıcıl surətdə daxil olmaqda, mətbuatda çap olunmaqdadır.

Azərbaycan müəllimləri bu tarixi həqiqətə görə Sizə minnətdardırlar ki,son on ildə Zati-alilərinizin qayğısı sayəsində təhsil işçilərinin əmək haqlarının artırılması haqqında on dəfə Sərəncam imzalamısınız. Məhz bu müdrik qərarlarınız sayəsində ötən 10 ildə təhsil işçilərinin orta aylıq əmək haqqı son Sərəncamdan sonra 17 dəfə artaraq 1993-cü ildəki 15 min 400 manatdan 267 min manata, müəllimlərin orta aylıq əmək haqqı isə 15 dəfə artaraq 25 min manatdan 368 min manata yüksəlmişdir. Təhsil işçilərinin əmək haqları ilə bağlı sonuncu Sərəncamınız, eləcə də mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri işçilərinin əmək haqlarının artırılması haqqında qərarınız təhsil sistemində çalışan minlərlə kitabxana, mədəniyyət və incəsənət işçisinin də sosial müdafiəsinin gücləndirilməsinə imkan vermişdir.

Möhtərəm cənab Prezident!

Son günlər Sizin tapşırığınızla əhalinin sosial vəziyyəti ilə yerində tanış olmaq və əməli kömək göstərmək məqsədi ilə Abşeron rayonunun qəsəbə və kəndlərində ictimaiyyətin nümayəndələri ilə görüşlərdə olarkən bir daha əmin oldum ki, hər bir təhsil işçisi, hər bir sadə Azərbaycan vətəndaşı Zati-alilərinizə ümid və güvənc yeri kimi baxır, dövlətçilik, azərbaycançılıq sahəsində, təhsil islahatları yolunda titanik fəaliyyətinizi yüksək qiymətləndirir, millətin xilaskarı və müstəqilliyimizin təminatçisi kimi daxili və xarici siyasətinizi dəstəklədiklərini bəyan edirlər. Azərbaycan ziyalılarının sosial müdafiəsinə dair son zamanlar imzaladığınız Sərəncamlar ölkəmizin hər bir sadə vətəndaşında olduğu kimi, biz, təhsil işçilərində də əsl sevinc, minnətdarlıq və sabaha möhkəm inam hissləri doğurmaqla, müdrik dövlət başçısına hörmət və ehtiramın əsl təntənəsinə, milli iftixar mənbəyinə çevrilmişdir.

Möhtərəm cənab Prezident!

Müstəqil Azərbaycanın çoxminli təhsil işçiləri adından Sizə bu müdrik qərarınıza görəÜN U bir daha təşəkkürlərimizi bildirir, sonsuz ehtiram və əbədi minnətdarlıq hisslərimizi yetirməklə, Sizi əmin etmək istəyirəm ki, qarşıdan gələn prezident seçkilərində ölkəmizin bütün təhsil işçiləri milli təhsilimizin əvəzsiz himayədarı və yenilməz milli lideri kimi Zati- alilərinizin namizədliyini müdafiə edəcək, müstəqilliyimizin əbədiliyi naminə Sizə səs verəcəklər. Azərbaycan müəllimi həmişə Sizinlə birlikdə olub, Sizinlədir və hər zaman Sizinlə birlikdə olacaqdır! Zati-alilərinizə uzun ömür, möhkəm cansağlığı, növbəti prezident şeçkilərində böyük qələbələr arzulayıram. Uca Tanrı Sizi qorusun, böyük Yaradan Sizə yar olsun!

Daimi hörmət və əbədi ehtiramla,

respublikanın təhsil işçiləri adından

Misir Mərdanov

Azərbaycan Respublikasının

təhsil naziri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin