Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Möhtərəm Prezident!

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası işçilərinin vəzifə maaşlarının artırılması haqqında bu günlərdə verdiyiniz Sərəncam kollektivimizdə böyük ruh yüksəkliyi doğurmuşdur.

Dörd il yarım bundan əvvəl yaratdığınız və indi təkcə respublikamızda deyil, onun hüdudlarından çox-çox uzaqlarda tanınan bu yeni elmi-tədris müəssisəsi barədə verdiyiniz Sərəncam Sizin bizə göstrədiyiniz diqqət və qayğınızın yeni təcəssümüdür. Bu bizim dövlətçiliyimizə göstərdiyiniz böyük qayğıdır.

Biz yaxşı başa düşürük ki, hər bir müstəqil respublika özünü idarə edə biləcək mütəxəssis kadrlara malik olmalıdır. Odur ki, Sizin yaratdığınız Dövlət İdarəçilik Akademiyası indidən daha çox gələcəyə hesablanmış müdrik siyasətinizin bəhrəsidir. Biz bu işdə üzərimizə düşən məsuliyyəti yaxşı dərk edir və Sizi əmin edirik ki, böyük qayğıya cavab olaraq müstəqil Azərbaycan üçün idarəçi kadrların yeni tərzdə düşünən, müasir təfəkkürlü nəslinin hazırlanması sahəsində bundan sonra da əzmlə çalışacağıq. Sizi əmin edirik ki, Dövlət İdarəçilik Akademiyasının hazırlayacağı kadrlar Sizin göstərdiyiniz yolla gedəcək, müdrik rəhbərliyiniz altında ölkəmizin tərəqqisi naminə görülən işlərin fəal iştirakçıları olacaqlar.

Cənab Prezident!

Siz 34 illik rəhbər fəaliyyətinizdə elmimizə, təhsilimizə, mədəniyyətimizə, musiqimizə, incəsənətimizə - bir sözlə ziyalılarımıza həmişə himayədarlıq etmiş, böyük qayğı göstərmisiniz və yenə də göstərirsiniz.

Biz ziyalıların yaxşı yadındadır ki, Sizin xalqın tələbi ilə 10 il bundan əvvəlki Qayıdışınız bütünlüklə Azərbaycanı olduğu kimi, elmimizi də məhv olmaqdan xilas etdi. Biz bunu heç bir zaman unuda bilmərik.

Qayıdışınızdan keçən bu 10 il göstərdi və təsdiq etdi ki, xalqımız o zaman özünə lider axtarışında olarkən Sizə üzünü tutmaqla, Sizə ümid bağlamaqla seçimini düzgün etmişdir. Xalqımız yenidən seçim qarşısındadır, o, qarşıdakı illər üçün özünə rəhbər seçməlidir.

Əziz Prezident!

Siz xalqımıza yenə də lazımsınız. Bunu yaxşı başa düşən xalqımız məhz buna görə də hər yerdə Sizin namizədliyinizi irəli sürür. Həmişə himayədarı olduğunuz biz ziyalıların qarşıdakı seçkilərdə yeganə namizədi Sizsiniz, istinadgahımız isə Heydər Əliyev irsidir.

Möhtərəm Prezident!

Ümidini Sizə bağlayan xalqın xeyir-duası ilə yanaşı, qoy Ulu Tanrı özü Sizə yar olsun.

Akademiyanın kollektiv adından

dərin hörmət, ehtiram və

minnətdarlıqla

rektor, professor Seyfəddin

Qəndilov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin