Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Möhtərəm cənab Prezident!

Siz Azərbaycana rəhbərlik etdiyiniz dövrdə milli mədəniyyətimizin inkişafına həmişə diqqətlə yanaşmış, mədəniyyət və incəsənət xadimlərinə xüsusi qayğı göstərmisiniz. Mədəniyyət və incəsənət xadimlərimiz bu illərdə yaradıcılıq axtarışlarını Sizin xeyir-duanızla genişləndirmiş, böyük sənət uğurları əldə etmişlər.

Siz adları tarixin yaddaşına həkk olunmuş şəxsiyyətlərimizin əbədi yaşaması naminə heç vaxt qayğınızı əsirgəməmisiniz. Ayrı-ayrı sənətkarların fəxri adlara, “İstiqlal” və “Şöhrət” ordenlərinə, xüsusi təqaüdə və mükafata layiq görülməsi Zati-alinizin mədəniyyət işçilərinə qayğısının təzahürüdür.

Bu il iyunun 5-də mədəniyyət və incəsənət işçilərinin əmək haqlarının artırılması haqqında imzaladığınız Sərəncamı Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində eşitdik. Mədəniyyət günlərinin 170 nəfər iştirakçısı bu şad xəbəri əsl bayram sevinci ilə qarşıladı.

Siz bununla respublikamızın çoxminli mədəniyyət işçilərinə və onların ailə üzvlərinə sevinc bəxş etdiniz.

Sizin ölkəmizə rəhbərlik etdiyiniz dövrdə Azərbaycan mədəniyyəti yüksəlmiş, tərəqqi etmişdir. Ayrı-ayrı şəxsiyyətlərin abidələrinin ucaldılması, onların çox yüksək səviyyədə yubiley mərasimlərinin keçirilməsi və bu tədbirlərdə şəxsən iştirakınız mədəniyyətimizə tükənməz məhəbbət və qayğının ifadəsidir. Məhz Sizin təşəbbüsünüzlə Azərbaycan xalqının böyük övladlarının - Üzeyir Hacıbəyovun, Səməd Vurğunun, Hüseyn Cavidin, Cəfər Cabbarlının, Bülbülün, Məmməd Səid Ordubadinin, Nəriman Nərimanovun, Cəlil Məmmədquluzadənin xatirə muzeyləri yaradılmış və bu muzeylər mədəni irsimizin toplandığı və qorunduğu müqəddəs yerlərdir.

Hörmətli cənab Prezident!

Siz həmişə mədəniyyət işçilərinə səmimi dostluq hissləri bəsləmiş, onları yaradıcılıq uğurlarına ruhlandırmısınız.

Son on ildə Sizin Sərəncamlarınızla mədəniyyət işçilərinin, milli dəyərlərə malik bədii kollektivlərin əmək haqlarının bir neçə dəfə artırılması ayrı-ayrı yaradıcı kollektivləri qoruyub saxlamış və onların inkişafına imkan yaratmışdır.

Əziz Prezidentimiz!

Göstərdiyiniz xeyirxahlığa görə bütün mədəniyyət və incəsənət işçiləri adından, şəxsən öz adımdan Sizə bir daha təşəkkür edir və minnətdarlığımı bildirirəm.

Sizi Milli Qurtuluş günü münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, ölkəmizin daha da çiçəklənməsi və mədəniyyətimizin tərəqqisi naminə yeni uğurlar arzulayırıq.

Böyük hörmət və ehtiramla,

Polad Bülbüloğlu

Azərbaycan Respublikasının mədəniyyət

naziri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin