Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Möhtərəm cənab Prezident! 

Sizin yaradıcı ziyalılara, o cümlədən rəssam və heykəltaraşlara xeyirxah, alicənab münasibətiniz ölkəmizdə hamıya bəllidir. Təsviri sənətə yaxın olmağınız, Azərbaycan rəssamlarının yaradıcılığına məxsusi qayğı və diqqətiniz, verdiyiniz qiymət bizi daim ruhlandırmış, böyük sənətin inkişafı naminə yeni-yeni yaradıcılıq uğurlarına səsləmişdir.

Sizin 2003-cü il 19 iyun tarixli Sərəncamlarınız Azərbaycanın fırça və tişə ustalarına hədsiz sevinc bəxş etdi. Biz uzun illər təbii olaraq mübahisə doğuran emalatxana məsələsini, rəssamlarımızın hamısı üçün həyati əhəmiyyət kəsb edən bu böyük məsələni müstəsna bir şəkildə, qanunlardan çıxış yolu taparaq rəssamlarımızın xeyrinə həll etməyinizi Azərbaycan təsviri sənətinə misilsiz bir xidmət kimi qiymətləndiririk.

Siz heç bir ayrı-seçkilik etmədən, dünya praktikasında analoqu olmayan bir xeyirxahlıq göstərmiş, Azərbaycan incəsənətinin bu günü, sabahı naminə tarixi bir iş görmüsünüz. Bütün bunlar Sizin Azərbaycanın rəssamlar ordusunun qarantı olmağınızı bir daha sübuta yetirdi.

Möhtərəm cənab Prezident!

Bizə verdiyiniz yüksək qiymətə, göstərdiyiniz misilsiz qayğıya görə, icazə verin, Azərbaycan rəssamları adından və şəxsən öz adımdan təşəkkürümüzü bildirim. Sizə uzun ömür, cansağlığı, doğma Vətənimizin çiçəklənməsi naminə gördüyünüz cahanşümul işlərdə yeni-yeni qələbələr arzulayım və Sizi bir daha əmin edim ki, biz rəssamlar ordusu qarşıdan gələn prezident seçkilərində ancaq və ancaq Sizə, cənab Heydər Əliyevə səs verəcəyik.

Dərin hörmət və ehtiramla,

Fərhad Xəlilov

Azərbaycan Rəssamlar İttifaqının sədri

Bakı şəhəri, 20 iyun 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin