Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVƏ

Əziz və möhtərəm cənab Prezident!

Sizi - müstəqil Azərbaycan dövlətinin banisini, dünya miqyaslı siyasi və dövlət xadimini 28 may - Respublika günü münasibəti ilə Milli Məclisin deputatları ürəkdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xalqımızın rifah halının yüksəldilməsi, Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi naminə həyata keçirdiyiniz möhtəşəm fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırlar!

Azadlıq amalını əsrlər boyu ürəyində yaşatmış xalqımız 85 il bundan əvvəl “İstiqlal Bəyannaməsi” qəbul etməklə müstəqil yaşamaq əzmini bütün dünyaya bəyan etmiş, Şərq aləmində ilk demokratik respublika olan Xalq Cümhuriyyətini və dünyanın sivil bir ölkəsinə xas olan qanunvericilik orqanını yaratmışdır. Ötən əsrin 18-20-ci illəri xalqımızın siyasi və dövlətçilik şüurunun təşəkkül tapdığı, milli mənliyə qayıdış proseslərinin misilsiz vüsət aldığı bir dövr olmaqla yanaşı, həm də tariximizdə dərin iz salan taleyüklü hadisələrlə zəngin inkişaf mərhələsi idi.

Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq mövcudluğu xalqımızın müstəqillik əzminin və dövlətçilik amalının parlaq təcəssümü olmuşdur. O vaxt son dərəcə ağır, çətin bir şəraitdə dünyəvi dövlətin əsas elementləri, Azərbaycanın ilk parlamenti və hökuməti qurulmuş, ölkənin sərhədləri müəyyənləşdirilmiş, onun bayrağı, himni və gerbi yaradılmış, ana dili dövlət dili elan edilmişdi. Qısa müddət ərzində döyüş qabiliyyətinə malik hərbi hissələr təşkil olunmuş, ölkənin milli təhlükəsizliyinin təmin edilməsi vəzifəsi layiqincə yerinə yetirilmişdi. Maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilmiş, Azərbaycanın tarixində ilk universitet - Bakı Dövlət Universiteti yaradılmış, təhsilin milliləşdirilməsi, yeni tədris müəssisələrinin açılması sahəsində xalqımızın sonrakı mədəni tərəqqisi üçün əsaslı zəminə çevrilən bir sıra diqqətəlayiq işlər görülmüşdü.

Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti yeni müstəqil dövlətin fəaliyyətinin qanunvericilik əsaslarını yaratmaq yolunda mühüm addımlar atmışdı. Qısa fəaliyyəti ərzində parlamentin qəbul etdiyi qanunlar dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, ölkənin siyasi və iqtisadi inkişafına, mədəniyyət, maarif və təhsil sahələrində sürətli irəliləyişə, Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə tanınmasına kömək göstərmişdi.

1918-1920-ci illərdə Azərbaycanda milli dövlətin qurulması Azərbaycan xalqına tarixi torpaqlarının əsas hissəsini qoruyub saxlamaq imkanı verdi. Nəhayət, Xalq Cümhuriyyətinin iki illik mövcudluğu Azərbaycanı beynəlxalq hüququn subyektinə çevirdi və bunun nəticəsində bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısı alındı.

XX əsrin əvvəllərində düşmənlərimiz ilk müstəqil dövlətimizi məğlub edə bilsələr də, azadlıq ruhu, müstəqillik ideyası xalqımızı heç zaman tərk etməmiş, 1991-ci ildə sovet imperiyasının dağılması nəticəsində Azərbaycan yenidən öz istiqlalına qovuşmuşdur. Müstəqilliyin ilk illərində baş verən hadisələr 1918-1920-ci illərdə baş verən hadisələrin təxminən eyni idi, erməni təcavüzü, xarici dövlətlərin Azərbaycana qarşı təxribatları oxşar xarakter daşıyırdı. Azərbaycan çox mürəkkəb problemlərlə qarşılaşaraq çıxılmaz vəziyyətə düşmüşdü.

Lakin bu dəfə xalqımızın xoşbəxtliyi onda oldu ki, dövlətçiliyinin müqəddəratının həll edildiyi 1993-cü ilin iyun günlərində sınanmış ümummilli lider, dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyev yenidən hakimiyyətə gələrək Azərbaycanın parçalanıb dağılmasının qarşısını aldı və onu dəhşətli fəlakətlərdən xilas etdi. Tamamilə təbiidir ki, sonralar ölkənin ali qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq, Sizin hakimiyyətə qayıtdığınız 15 iyun gününü “Milli qurtuluş günü” kimi qiymətləndirmişdir. Sizin şərəfli xilaskarlıq missiyanız ölkəmizin müstəqilliyini əbədi, dönməz və sarsılmaz etmiş, Azərbaycan gələcəyə inamla baxan, dünya birliyində özünə layiq yer tutan, Avropa xalqları ailəsinin dəyərli üzvü olan güclü bir dövlətə çevrilmişdir.

Möhtərəm cənab Prezident!

Ötən əsrin əvvəllərində mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətini bir sıra tarixi, ictimai-siyasi səbəblər üzündən qoruyub saxlamaq mümkün olmasa da, əsrin sonlarına yaxın əldə etdiyimiz müstəqilliyi məhz Heydər Əliyev dühasının köməyi ilə qurtara bilmişik. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1991-ci il oktyabrın 18-də elan olunsa da, onun əsl tarixi məhz milli qurtuluş günündən başlanır. Çünki Sizin də dəfələrlə söylədiyiniz kimi, “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”. Siz bu ağır və mürəkkəb vəzifənin öhdəsindən məharətlə gələrək, Azərbaycan dövlətini qoruyub saxladınız, möhkəmləndirdiniz və inkişaf etdirdiniz. Bütün bunlara görə xalqımız haqlı olaraq Sizi müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu adlandırır.

Əziz Prezident!

XX əsrin sonlarında xalqımız Heydər Əliyev dühası və iradəsi ilə azad yaşamaq iqtidarında olduğunu bütün dünyaya sübut etmişdir. İnanırıq ki, Xalq Cümhuriyyətinin layiqli varisi olan bugünkü müstəqil dövlətimiz Sizin rəhbərliyinizlə bundan sonra daha böyük zirvələr fəth edərək, Azərbaycan bayrağını yüksəklərə qaldıracaqdır. Sizi - adı Azərbaycanın rəmzinə çevrilmiş dahi rəhbərimizi 28 May - Respublika günü münasibəti ilə biz, Milli Məclisin deputatları, bir daha səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, Vətənimizin və xalqımızın işıqlı gələcəyi naminə fədakar fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!

Dərin ehtiram hissi ilə,

Azərbaycan Respublikasının

Milli Məclisi

(Təbrik Azərbaycan Respublikası Milli Məclisinin 2003-cü il 27 may tarixli iclasında qəbul edilmişdir).

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin