Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ HEYDƏR ƏLİYEVƏ

Hörmətli Prezidentimiz!

Biz, Şamaxı rayonunun səhiyyə işçiləri Sizi - xalqımızın humanizm mücəssəməsinə çevrilmiş qüdrətli liderini, müdrik rəhbərini salamlayır, ən müqəddəs arzu və duyğularımızı bildiririk.

Möhtərəm Prezident!

Səhiyyə işçilərinin əmək haqlarının artırılması haqqında Sərəncamınız rayonumuzun tibb işçiləri tərəfindən çox böyük razılıq hissi ilə qarşılanmışdır. Siz bu nəcib və humanist qərarınızla səhiyyə işçilərinin qayğı və problemlərinə son dərəcə diqqətlə yanaşan dahi rəhbər səxavəti göstərmisiniz. Bu səxavətdən bizə də bol sevinc payı düşmüşdür. Rayonumuzun bütün səhiyyə işçiləri bu qayğı və diqqətə görə Sizə öz minnətdarlığını bildirməkdən böyük şərəf duyurlar. Məhz Sizin uzaqgörən siyasətiniz sayəsində həyatımızın bütün sahələrində olduğu kimi, səhiyyəmizin də əsrlərə bərabər tərəqqisi təmin edilmiş, onun hərtərəfli inkişafı üçün dövlət səviyyəsində bütün mümkün tədbirlər həyata keçirilmişdir. Milli səhiyyəmizə bir an belə səngiməyən qayğı və diqqətiniz cəmiyyətin fəal və öncül nümayəndələri olan səhiyyə işçilərinin hər günündə, hər saatında hiss olunmaqdadır.

Bu xeyirxah və humanist qərarınız biz səhiyyə nümayəndələrini çalışdığımız şərəfli sahədə yeni böyük nailiyyətlərə ruhlandırır.

Sizə uzun ömür, möhkəm cansağlığı, ölkəmizin rifahı naminə yeni-yeni uğurlar və nailiyyətlər, növbəti prezident seçkilərində qələbə diləyirik.

Bu seçkilərdə biz hamımız Sizə səs verəcəyik.

Dərin hörmətlə,

Şamaxı rayonunun səhiyyə işçiləri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin