AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu qanun Azərbaycan Rspublikasının 1995-ci il 29 sentyabr tarixli, 1120 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na (bundan sonra—Dövlət Proqramı) uyğun olaraq özəlləşdirilmiş kiçik müəssisələrin alıcılarının möhlətli ödəmə üzrə vaxtı ötmüş borclarının güzəştli şərtlərlə ödənilməsini tənzimləyir.
Maddə 1. Qanunun tətbiq dairəsi
Bu Qanunla müəyyən edilmiş qaydalar Dövlət Proqramına uyğun olaraq özəlləşdirilmiş kiçik müəssisələrin (bundan sonra—kiçik müəssisələr) alıcılarının möhlətli ödəmə üzrə vaxtı ötmüş borclarına (bundan sonra—borclar) şamil olunur.
Maddə 2. Borcların ödənilməsi zamanı tətbiq olunan güzəştlər2.1. Bu Qanunun 1-ci maddəsində göstərilən kiçik müəssisələrin alıcılarının möhlətli ödəmə üzrə vaxtı ötmüş borclarının ödənilməsində aşağıda müəyyən edilən güzəştlər tətbiq olunur:
2.1.1. qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə möhlətli ödəmənin birinci ili üçün ödəmələri tam məbləğdə həyata keçirməmiş alıcıların qalan borclarının 75 faizi 1 il müddətində ödənilərsə, borcun 25 faizi silinir;
2.1.2. qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə möhlətli ödəmənin birinci ili üçün ödəmələri tam məbləğdə həyata keçirmiş, lakin sonrakı illər üçün ödəmələri həyata keçirməmiş (və ya qismən həyata keçirmiş) alıcıların qalan borclarının 50 faizi 1 il müddətində ödənilərsə, borcun 50 faizi silinir;
2.1.3. qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə möhlətli ödəmənin birinci və ikinci ili üçün ödəmələri tam məbləğdə həyata keçirmiş, lakin üçüncü il üçün ödəmələri həyata keçirməmiş (və ya qismən həyata keçirmiş) alıcıların qalan borclarının 25 faizi 1 il müddətində ödənilərsə, borcun 75 faizi silinir.
2.2. Bu Qanun 2.1-ci maddəsində göstərilən hallar istisna olmaqla, möhlətli ödəməni qismən həyata keçirmiş alıcılar möhlətli ödəmə üzrə vaxtı ötmüş qalan borclarının 40 faizini 1 il müddətində ödədikdə, həmin borcların 60 faizi silinir.
Maddə 3. Yekun müddəalarBu Qanunla müəyyən edilmiş qaydada və müddətdə kiçik müəssisələrin alıcıları möhlətli ödmə üzrə vaxtı ötmüş borcların tam məbləğdə və ya qismən ödəmədikdə, bu Qanunun tələbləri onlara şamil olunmur və alıcılar borcların ödənilməsinə dair qanunvericiliklə müəyyən edilmiş ümumi qaydada həyata keçirirlər.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 27 iyun 2003-cü il.