ELM VƏ TƏHSİL
Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın III nəşri ilə bağlı iş proqramı təsdiqlənib
Bakı, 14 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın III nəşrinin redaksiya heyəti tərəfindən 2020-2023-cü illəri əhatə edən iş proqramı hazırlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin fevralın 14-də keçirilən iclasında akademik İradə Hüseynova çıxışı zamanı bildirib.
İclasda kitabın III nəşri üzrə 2020-2023-cü illəri əhatə edən iş proqramı ətrafında müzakirələr aparıldıqdan sonra Rəyasət Heyəti tərəfindən proqram qəbul edilib. Bununla yanaşı, nəşrlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müvafiq məsələlərin birgə müzakirəsinin təşkil edilməsi məqsədəuyğun hesab olunub. “Qırmızı Kitab”ın III nəşri ilə əlaqədar elmi-təşkilati, texniki, maliyyə və s. məsələlərin vaxtında və səmərəli həllini nəzərdə tutan multidissiplinar elmi tədqiqat proqramının hazırlanması tövsiyə olunub.