AZƏRBAYCAN RESPUBLİKASININ QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİ HAQQINDA
ƏSASNAMƏ
Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 5 mart tarixli Fərmanı ilə
təsdiq edilmişdir
I. Ümumi müddəalar
1. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 52 nömrəli Sərəncamına əsasən yaradılmışdır.
Komitə qiymətli kağızlar bazarında dövlət siyasətini və qiymətli kağızlar bazarının tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
2. Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
3. Komitə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Milli Bankı, yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları, qiymətli kağızlar bazarının iştirakçıları olan hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
4. Komitə müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
5. Komitənin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliklə nəzərdə tutulan mənbələr hesabına maliyyələşdirilir.
6. Komitə Bakı şəhərində yerləşir.
II. Komitənin fəaliyyət istiqamətləri
7. Komitənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
7.1. qiymətli kağızlar bazarında vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
7.2. qiymətli kağızlar bazarının və onun infrastrukturunun inkişafını təmin edir;
7.3. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
III. Komitənin vəzifələri
8. Komitə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
8.1. qiymətli kağızlar bazarında öz səlahiyyətləri çərçivəsində normativ tənzimləməni həyata keçirmək:
8.1.1. qiymətli kağızların buraxılışının qaydalarını və qiymətli kağızların emissiya prospektinə dair tələbləri müəyyən etmək;
8.1.2. qiymətli kağızların sertifikatlarının məcburi rekvizitləri və onların blanklarının hazırlanması qaydalarını müəyyən etmək;
8.1.3. qiymətli kağızların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası qaydalarını müəyyən etmək;
8.1.4. qiymətli kağızların tədavülü qaydalarını müəyyən etmək;
8.1.5. qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi qaydalarını müəyyən etmək;
8.1.6. qiymətli kağızlar bazarının iştirakçılarına tələblərin və onların fəaliyyəti qaydalarını müəyyən etmək;
8.1.7. qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının attestasiya qaydalarını müəyyən etmək;
8.1.8. xarici emitentlərin qiymətli kağızlarının Azərbaycan Respublikasında tədavülə buraxılması qaydalarını müəyyən etmək;
8.1.9. Azərbaycan Respublikasının emitentlərinin qiymətli kağızlarının Azərbaycan Respublikasının ərazisindən kənarda yerləşdirilməsi qaydalarını müəyyən etmək;
8.1.10. hüquqi və fiziki şəxslərin borc öhdəliklərinin qiymətli kağızlarla rəsmiləşdirilməsi və ödənilməsi qaydalarını müəyyən etmək;
8.1.11. qiymətli kağızlar bazarında sığortalanmalı olan risklərin sığorta standartlarını müəyyən etmək;
8.1.12. öz səlahiyyətləri çərçivəsində qiymətli kağızlarla bağlı hesabatların və məlumatların təqdim olunması qaydalarını müəyyən etmək;
8.1.13. qiymətli kağızlar bazarında xidməti məlumatın saxlanılması və təqdim edilməsi qaydalarını müəyyən etmək;
8.1.14. qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiyaların qarşısının alınması qaydalarını müəyyən etmək;
8.1.15. qiymətli kağızlar bazarında məlumatların açıqlanması üzrə qaydaları müəyyən etmək;
8.1.16. öz səlahiyyətləri çərçivəsində qiymətli kağızlar bazarının tənzimlənməsi ilə bağlı digər normativ aktları qəbul etmək;
8.2. qiymətli kağızlar bazarında dövlət nəzarətini həyata keçirmək:
8.2.1. qiymətli kağızların emissiyasına və tədavülünə nəzarət etmək;
8.2.2. qiymətli kağızların dövriyyədən çıxarılmasına və ləğv edilməsinə nəzarəti həyata keçirmək;
8.2.3. öz səlahiyyətləri çərçivəsində qiymətli kağızlar bazarı iştirakçılarının fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək;
8.2.4. qiymətli kağızlar bazarında risklərin idarə olunması və onların sığorta standartlarına riayət olunmasına nəzarət etmək;
8.2.5. investisiya fondlarının fəaliyyətlərinə nəzarət etmək;
8.2.6. xarici emitentlərin qiymətli kağızlarının Azərbaycan Respublikasında tədavülə buraxılmasına nəzarəti həyata keçirmək;
8.2.7. Azərbaycan Respublikasının emitentlərinin qiymətli kağızlarının Azərbaycan Respublikasının ərazisindən kənarda yerləşdirilməsinə nəzarət etmək;
8.2.8. qiymətli kağızlarla rəsmiləşdirilmiş borc öhdəlikləri bazarının tənzimlənməsini və nəzarətini həyata keçirmək;
8.2.9. qiymətli kağızlar bazarında xidməti məlumatın saxlanılmasına və təqdim edilməsinə nəzarət etmək;
8.2.10. qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiyalara yol verilməməsi məqsədi ilə tədbirlər görmək;
8.2.11. öz səlahiyyətləri çərçivəsində qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə digər nəzarət tədbirlərini həyata keçirmək;
8.3. qanunvericilikdə nəzərdə tutulan hallarda və qaydada müvafiq fəaliyyət növlərinin lisenziyalaşdırılmasını həyata keçirmək və hüquqmüəyyənedici sənədlər vermək;
8.4. aksiz markalarının sifarişi, onların satışı və uçotunun aparılması qaydalarını müəyyən etmək və bu qaydalara riayət olunmasına nəzarəti həyata keçirmək;
8.5. aksiz markalarının dövriyyəsinə nəzarəti həyata keçirmək;
8.6. lotereyaların təşkili və keçirilməsi sahəsində münasibətlərin dövlət tənzimlənməsini həyata keçirmək və bununla bağlı öz səlahiyyətləri çərçivəsində müvafiq normativ hüquqi aktları qəbul etmək;
8.7. Azərbaycan Respublikasının ərazisində cıdır-şans (totalizator) oyunlarının təşkilinə və keçirilməsinə nəzarət etmək;
8.8. qiymətli kağızlar bazarının inkişafı istiqamətləri üzrə təkliflər vermək;
8.9. qiymətli kağızların və onların buraxılışlarının dövlət qeydiyyatını həyata keçirmək;
8.10. qiymətli kağızlar bazarında investorların və qiymətli kağızlar bazarının iştirakçılarının hüquqlarının müdafiəsini və onların pozulmasının qarşısının alınmasını təmin etmək;
8.11. qiymətli kağızlarla bağlı dövlət reyestrlərinin aparılmasını təmin etmək;
8.12. qiymətli kağızlarla girovun dövlət qeydiyyatını aparmaq;
8.13. qiymətli kağızların öhdəliklərlə yüklənməsi və qiymətli kağızlarla rəsmiləşdirilən daşınmaz əmlakın ipotekasının qeydiyyatını və uçotunu aparmaq;
8.14. qiymətli kağızların (sertifikatların) blanklarının çap edilməsi, onların ölkəyə gətirilməsi və aparılması üzrə fəaliyyətin tənzimlənməsini həyata keçirmək;
8.15. Azərbaycan Respublikasının qiymətli kağızlar bazarının dünya maliyyə bazarına inteqrasiyası üzrə tədbirləri hazırlamaq və həyata keçirmək;
8.16. qiymətli kağızlar bazarında sağlam rəqabət mühiti yaratmaq;
8.17. qiymətli kağızlar bazarı iştirakçılarının fəaliyyətinin şəffaflığını təmin etmək;
8.18. qiymətli kağızlar bazarının və onun infrastrukturunun inkişafı məqsədilə istifadə edilən fondları qanunvericiliklə müəyyən edilmiş qaydada yaratmaq və onların fəaliyyətinin tənzimlənməsini həyata keçirmək;
8.19. dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
8.20. qiymətli kağızlar bazarı sahəsində fəaliyyətini Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Milli Bankı ilə əlaqəli şəkildə həyata keçirmək;
8.21. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək, qanunvericiliklə müəyyən edilmiş qaydada beynəlxalq əlaqələri və əməkdaşlığı həyata keçirmək, Komitənin fəaliyyəti ilə bağlı beynəlxalq müqavilələrin (sazişlərin) layihələrinin hazırlanmasında iştirak etmək, beynəlxalq konfransların, seminarların və digər beynəlxalq tədbirlərin keçirilməsini təşkil etmək və ya onların işində iştirak etmək;
8.22. qiymətli kağızlar bazarında qabaqcıl beynəlxalq təcrübə və texnologiyaları tətbiq etməklə, bazarın infrastrukturunun inkişaf etdirilməsini təmin etmək;
8.23. qiymətli kağızlar bazarı üzrə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
8.24. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, öz fəaliyyəti istiqamətlərinə uyğun təhlükəsizlik tədbirlərini görmək;
8.25. Komitənin fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını təmin etmək;
8.26. qiymətli kağızlar bazarının və qiymətli kağızlar bazarı alətlərinin təbliğ edilməsini, qiymətli kağızlar bazarı və investisiyalar sahəsində əhalinin maarifləndirilməsini təmin etmək;
8.27. qiymətli kağızlar bazarının iştirakçılarının peşə səviyyəsinin artırılması üzrə müvafiq tədbirləri həyata keçirmək;
8.28. Komitənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri çərçivəsində tədbirlər görmək;
8.29. Komitənin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
8.30. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
IV. Komitənin hüquqları
9. Komitə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
9.1. qiymətli kağızlar bazarına aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və onların hazırlanmasında iştirak etmək;
9.2. qiymətli kağızlar bazarı üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüs irəli sürmək;
9.3. öz səlahiyyətləri çərçivəsində dövlət və yerli özünüidarəetmə orqanlarına, qiymətli kağızlar bazarının içtirakçılarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
9.4. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
9.5. fəaliyyət istiqamətləri üzrə rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, tədqiqatlar aparmaq, təkliflər vermək;
9.6. öz səlahiyyətləri çərçivəsində müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmək və məhkəmədə iddialar qaldırmaq;
9.7. öz səlahiyyətləri çərçivəsində qanunvericiliyi pozan şəxsləri inzibati məsuliyyətə cəlb etmək, onlar barəsində inzibati tənbeh tədbirləri tətbiq etmək;
9.8. qiymətli kağızlar bazarı sahəsində mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək;
9.9. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
9.10. qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq, internet saytı yaratmaq və ondan istifadə etmək;
9.11. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
V. Komitənin fəaliyyətinin təşkili
10. Komitənin aparatı, onun strukturuna daxil olan qurumlar və tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair) Komitənin vahid sistemini təşkil edir. Komitə öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.
11. Komitənin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Komitənin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını və Komitənin aparatının və onun strukturuna daxil olan qurumların işçilərinin say həddini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
12. Komitənin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Komitənin sədri rəhbərlik edir. Komitənin sədri Komitəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
13. Komitənin sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavini və iki müavini vardır. Komitə sədrinin müavinləri onlara sədr tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
14. Komitənin sədri:
14.1. Komitənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
14.2. Komitənin aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların və tabeliyində olan digər qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) əsasnamələrini (nizamnamələrini) təsdiq edir;
14.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Komitənin yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;
14.4. Komitənin aparatının, strukturuna daxil olan qurumların və tabeliyində olan digər qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;
14.5. qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;
14.6. Komitənin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
14.7. Komitəni təmsil edir.
14.8. qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
15. Komitədə Komitə sədrindən (kollegiyanın sədri), onun müavinlərindən, Komitənin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin müdirindən və Komitənin digər rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Komitənin kollegiyasının tərkibinə mütəxəssislər və alimlər də daxil edilə bilər.
16. Komitənin kollegiyasının üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
17. Komitənin kollegiyası öz iclaslarında Komitənin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.
18. Komitənin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Komitənin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Komitənin kollegiyasının qərarları qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.
19. Komitənin kollegiyasının qərarları protokolla rəsmiləşdirilir və Komitənin sədri tərəfindən təsdiq edilir.
20. Komitənin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda, Komitənin sədri bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Komitənin kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.
21. Komitənin kollegiyasının iclaslarına zəruri hallarda digər icra hakimiyyəti orqanlarının və təşkilatların rəhbərləri, həmçinin qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilər.
22. Qiymətli kağızlar bazarında qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Komitədə ictimai əsaslarla fəaliyyət göstərən elmi-metodiki şura yaradıla bilər. Elmi-metodiki şura haqqında əsasnamə Komitənin sədri tərəfindən təsdiq edilir.