Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN YARADILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikasında dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin əsasında Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yaradılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

2.1. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Əsasnaməsinin layihəsini, komitənin strukturunu, xərclər smetasını və işçilərin ümumi say tərkibi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. qüvvədə olan normativ hüquqi aktların bu Sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 noyabr 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin