Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININQANUNU
OVÇULUQ HAQQINDA

Bu Qanun Azərbaycan Respublikasının ərazisində ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkilinin, onların fəaliyyətinin həyata keçirilməsinin, habelə ov obyektlərinin mühafizəsinin, artırılmasının və istifadəsinin hüquqi əsaslarını müəyyən edir.

I fəsil. Ümumi müddəalar

Maddə 1. Əsas termin və anlayışlar1.0. Bu Qanunda istifadə edilən termin və anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. ovçuluq - quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra - vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növü;

1.0.2. ovçuluq təsərrüfatı - təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan və ya yetişdirilən vəhşi heyvanların ayrı-ayrı növlərinin qorunması və artırılması, habelə onların yetişdirilib ov yerlərinə buraxılması və ovçuluq məqsədilə təşkil edilmiş mühafizə rejimli təsərrüfat subyekti;

1.0.3. ov obyekti - qanunvericiliklə müəyyən edilmiş qaydada ovlanmasına icazə verilmiş təbii sərbəstlik və yarımsərbəst şəraitində xüsusi ayrılmış yerlərdə yaşayan, habelə ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən yetişdirilib artırılan vəhşi heyvan növləri;

1.0.4. ov yerləri - ovçuluğun həyata keçirilməsinə və ovçuluq təsərrüfatlarının aparılmasına aid edilən, təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan, habelə ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən yetişdirilib artırılan vəhşi heyvanların məskunlaşdığı torpaq sahələri, meşə, digər bitki və su ilə örtülü olan təbiət əraziləri;

1.0.5. təsərrüfat subyektləri - ovçuluq təsərrüfatlarının təşkilində və fəaliyyətində iştirak edən hüquqi və fiziki şəxslər;

1.0.6. ovçu - ovçuluq fəaliyyətini həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ovçuluq bileti və ov etmək üçün icazəsi olan fiziki şəxs;

1.0.7. ov aləti - həvəskar və idman ovunu həyata keçirmək üçün istifadə edilən ov silahları, ov itləri, ovçu quşları və başqa ov vasitələri;

1.0.8. həvəskar və idman ovu - ov məhsullarının əldə edilməsindən gəlir məqsədi daşımayan ov növü;

1.0.9. brakonyerlik - qanunvericiliklə müəyyən edilmiş qaydaların pozulması ilə ov aparılması və təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan vəhşi heyvanların hər hansı vasitə ilə icazəsiz ovlanması.

Maddə 2. Ovçuluq haqqında Azərbaycan Respublikasının

qanunvericiliyi

2.1. Ovçuluq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, “Heyvanlar aləmi haqqında” və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunlarından və onlara uyğun qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir.

2.2. Ovçuluq təsərrüfatlarında vəhşi heyvanların yaşayış mühitinin mühafizəsi və istifadəsi ilə əlaqədar meydana çıxan su, torpaq, meşə, mülkiyyət, təbiəti mühafizə və digər münasibətlər bu Qanun nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

2.3. Su hövzələrində balıqların və digər su heyvanlarının sənaye, idman və həvəskar ovu, habelə elmi-tədqiqat, nəzarət, təbii mühitə uyğunlaşdırılması üçün ovlanması balıqçılıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

Maddə 3. Ovçuluq haqqında qanunvericiliyin məqsədi

Ovçuluq haqqında qanunvericiliyin məqsədi Azərbaycan Respublikasının ərazisində dövlət ov fondunu qoruyub saxlamaqla ovçuluq fəaliyyətini səmərəli təşkil etmək, təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan vəhşi heyvan növlərinin sayının tənzimlənməsini, mühafizəsini və artırılmasını, habelə onların yetişdirilib ov yerlərinə buraxılmasını və yaşayış yerlərinin qorunub saxlanmasını təmin etməkdir.

Maddə 4. Ov obyektləri üzərində mülkiyyət və dövlət ov fondu

4.1. Ovçuluq təsərrüfatlarında və digər ərazilərdə olan, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən istifadə olunan ov obyektləri dövlətə mənsubdur və onun mülkiyyətidir.

4.2. Vəhşi heyvan növlərinin ov obyektinə aid edilməsi və ovlanma limitləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

4.3. Azərbaycan Respublikasının ərazisində ov obyektinə aid edilmiş vəhşi heyvanlar dövlət ov fondunu təşkil edir. Dövlət ov fondunda vəhşi heyvanların növlərini və normasını (sayını) müvafiq icra hakimiyyəti orqanı elmi müəssisələrin rəyini nəzərə almaqla müəyyən edir.

4.4. Dövlət ov fondunun artırılması üçün ov obyektinə aid edilmiş vəhşi heyvanların təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 5. Ovçuluq fəaliyyətinin obyektləri və subyektləri

5.1. Ov yerlərində təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan və ov obyektinə aid edilmiş vəhşi heyvanlar, onların dəriləri, dəri örtükləri, buynuzları, sümükləri, həyat fəaliyyətinin məhsulları, habelə məskunlaşma yerləri ovçuluq fəaliyyətinin obyektləridir.

5.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ov etmək hüququ olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, habelə ovçuluq təsərrüfatları və ovçular cəmiyyətləri ovçuluq fəaliyyətinin subyektləridir.

II fəsil. Ovçuluq və ovçuluq təsərrüfatı sahəsində idarəetmə

Maddə 6. Ovçuluq və ovçuluq təsərrüfatı sahəsində idarəetmənin

əsas prinsipləri

6.0. Ovçuluq və ovçuluq təsərrüfatı sahəsində idarəetmə aşağıdakı prinsiplərə əsaslanır:

6.0.1. bioloji müxtəlifliyin və təbii ekoloji sistemin qorunub saxlanılması;

6.0.2. ovçuluq təsərrüfatlarından məqsədli, habelə elmin və mədəniyyətin inkişafı üçün səmərəli istifadə edilməsi;

6.0.3. ovçuluq təsərrüfatlarında vəhşi heyvanların mühafizəsi, artırılması və istifadəsi üzərində dövlət nəzarətinin zəruriliyi;

6.0.4. ovçuluq təsərrüfatlarında vəhşi heyvanların yaşayış mühitinin, miqrasiya yollarının, qışlama yerlərinin, nəsilartırma və çoxalma şəraitinin qorunması;

6.0.5. heyvanlar aləmindən istifadənin bioloji etikaya uyğun olaraq həyata keçirilməsi;

6.0.6. ovçuluq təsərrüfatlarında vəhşi heyvanlardan istifadənin və ovun ödənişli olması və limitləşdirilməsi;

6.0.7. əhalinin sağlamlığına, təbiətə və iqtisadiyyata ziyan vurulmasının qarşısının vaxtında alınması məqsədilə zərərverici vəhşi heyvanların sayının müəyyənləşdirilməsi və tənzimlənməsi.

Maddə 7. Ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili və idarə

edilməsi sahəsində dövlətin səlahiyyətləri

7.1. Ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili və idarə edilməsi sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır:

7.1.1. ovçuluq təsərrüfatlarının, ov yerlərinin və ov obyektlərinin mühafizəsi və istifadəsi sahəsində dövlət siyasətini həyata keçirmək, müvafiq normativ hüquqi aktlar qəbul etmək, dövlət proqramlarını hazırlayıb təsdiq etmək;

7.1.2. ovçuluq və ovçuluq təsərrüfatlarının mühafizəsi və istifadəsi üzərində idarəetməni və dövlət nəzarətini həyata keçirmək;

7.1.3. dövlət ov fondunun artırılması üçün ov obyektinə aid edilmiş vəhşi heyvanların təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılması qaydasını müəyyən etmək;

7.1.4. respublika və ya yerli əhəmiyyətli ovçuluq təsərrüfatlarını müəyyən etmək, onların təşkili və ləğv edilməsi barədə qərar qəbul etmək;

7.1.5. ovçuluq təsərrüfatlarının inkişafı və yerləşdirilməsi sxemlərini təsdiq etmək;

7.1.6. ov obyektinə aid edilmiş vəhşi heyvanların dövlət uçotunun, ovçuluq təsərrüfatlarının dövlət qeydiyyatının, dövlət ovçuluq kadastrının və ov obyektlərinin monitorinqinin aparılması qaydalarını müəyyən etmək;

7.1.7. ovçuluq biletinin formasını, qeydiyyatı və ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə verilməsi qaydalarını müəyyən etmək;

7.1.8. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində ov etmək üçün icazənin verilməsi qaydasını müəyyən etmək;

7.1.9. ovçuluq təsərrüfatlarında vəhşi heyvanlardan istifadə limitlərini, istifadəyə görə ödəmə növlərini və dərəcələrini müəyyən etmək, ovçuluq işlərinin tənzimlənməsini həyata keçirmək;

7.1.10. ovçuluq təsərrüfatlarının mühafizəsi üzrə tədbirlərə yardım göstərmək;

7.1.11. təbii fəlakət və digər səbəblər nəticəsində dağılmış və ya məhv olmuş ovçuluq təsərrüfatlarının və ov yerlərinin bərpasını təşkil etmək;

7.1.12. ovçuluq və ovçuluq təsərrüfatı sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək.

7.2. Ovçuluq və ovçuluq təsərrüfatı sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

7.3. Ovçuluq və ovçuluq təsərrüfatı sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı ovçuluq təsərrüfatlarının təşkili, mühafizəsi, istifadəsi və bərpası işlərində hüquqi və fiziki şəxslərin, o cümlədən ictimai birliklərin rəy və təkliflərinə baxmalıdır.

Maddə 8. Ovçuluq fəaliyyətinə və ovçuluq təsərrüfatlarının

mühafizəsinə və istifadəsinə nəzarət

8.1. Ovçuluq fəaliyyətinə və ovçuluq təsərrüfatlarının mühafizəsinə və istifadəsinə dövlət nəzarətinin məqsədi ov yerlərinin və ov obyektlərinin mühafizəsi, qorunub saxlanması, bərpası, artırılması və istifadəsi üzrə tədbirlərin yerinə yetirilməsində qanunvericilikdə nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasına nəzarəti təmin etməkdir.

8.2. Ovçuluq fəaliyyətinə və ovçuluq təsərrüfatlarının mühafizəsinə və istifadəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

8.3. Ovçuluq fəaliyyətinə və ovçuluq təsərrüfatlarının mühafizəsinə və istifadəsinə ictimai nəzarət Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Maddə 9. Ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili və idarə

edilməsi sahəsində ovçular cəmiyyətlərinin iştirakı

9.1. Ovçular cəmiyyətləri ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili və idarə edilməsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada iştirak edirlər.

9.2. Ovçular cəmiyyətləri aşağıdakı hüquqlara malikdir:

9.2.1. ovçuluq sahəsində dövlət proqramlarının, ovçuluq təsərrüfatlarının inkişafı və yerləşdirilməsi sxemlərinin hazırlanmasında iştirak etmək;

9.2.2. ovçuluq sahəsində normativ hüquqi aktların qəbul edilməsinə və ovçuluq təsərrüfatlarında vəhşi heyvanlardan istifadə limitləriniə dair təkliflər vermək;

9.2.3. respublika və ya yerli əhəmiyyətli ovçuluq təsərrüfatlarının təşkili və ləğv edilməsi barədə təkliflər vermək;

9.2.4. ovçuluq təsərrüfatlarında ovçuluğu təşkil etmək;

9.2.5. ovçuları cəmiyyətə üzv qəbul etmək və üzv olması barədə onlara üzvlük bileti vermək;

9.2.6. hər il üçün ovçulardan üzvlük haqqının vaxtında ödənilməsini tələb etmək;

9.2.7. qanunvericiliklə müəyyən edilmiş qaydada ov silahı, atıcılıq sursatı, ovçuluq-balıqçılıq ləvazimatı, idman inventarı və digər ovçuluq əşyalarının satışını təşkil etmək;

9.2.8. həvəskar və idman ovunu həyata keçirmək üçün istifadə edilən ov alətlərinin (ov silahı və onun üçün sursat istisna olmaqla) istehsalını təşkil etmək;

9.2.9. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlara.

9.3. Ovçular cəmiyyətlərinin vəzifələri aşağıdakılardır:

9.3.1. ovçuluq təsərrüfatlarının mühafizəsi və istifadəsi üzrə müəyyən olunmuş qaydalara əməl etmək;

9.3.2. vəhşi heyvanların sayca artması və ov obyektinə aid edilmiş vəhşi heyvanların təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılması üçün şərait yaradılmasına, onların yaşayış mühitinin qorunmasına və yaxşılaşmasına yönəldilən tədbirlər həyata keçirmək;

9.3.3. ovçuluq təsərrüfatlarında vəhşi heyvanların ayrı-ayrı növlərinin sayının və istifadəsinin ilkin uçotunun aparılmasını təşkil etmək və bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat vermək;

9.3.4. ovçuları müəyyən edilmiş normativ əsasında ov silahı üçün sursat ilə təmin etmək;

9.3.5. təbii fəlakət və digər səbəblər nəticəsində dağılmış və ya məhv olmuş ovçuluq təsərrüfatlarını bərpa etmək;

9.3.6. ona təhkim olunmuş ərazilərdə brakonyerliyin qarşını almaq üçün öz səlahiyyətləri daxilində tədbirlər görmək;

9.3.7. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək.

Maddə 10. Dövlət ovçuluq kadastrı və ov obyektlərinin monitorinqi

10.1. Dövlət ovçuluq kadastrı ov yerlərinin statusu, onların coğrafi mövqeyi və sərhədləri, həmin ərazilərin və obyektlərin mühafizə rejimi, istifadəçiləri, ekoloji, elmi, iqtisadi, tarixi və mədəni əhəmiyyəti barədə zəruri məlumatların məcmusudur.

10.2. Dövlət ovçuluq kadastrı dövlət ov fondunun vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması, ovçuluq təsərrüfatlarının perspektiv inkişafı şəbəkəsinin müəyyən edilməsi, mühafizə rejiminə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi məqsədilə aparılır.

10.3. Ov obyektlərinin monitorinqi heyvanlar aləmi obyektlərinin dövlət monitorinqinin tərkib hissəsi olub, ov yerlərində vəhşi heyvanların yayılmasında, sayında, fiziki vəziyyətində və yaşayış mühitində baş verən dəyişikliklərin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi məqsədilə həyata keçirilir.

10.4. Dövlət ovçuluq kadastrının və ov obyektlərinin monitorinqinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 11. Ov obyektinə aid edilən vəhşi heyvanların sayının dövlət

uçotu və ovlama norması (sayı)

11.1. Azərbaycan Respublikasının ərazisində təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan ov obyektinə aid edilən vəhşi heyvanların mühafizəsini, artırılmasını və səmərəli istifadəsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən onların sayının dövlət uçotu aparılır.

11.2. Ov obyektinə aid edilən vəhşi heyvanların ayrı-ayrı növlərinin siyahısı, onların ov mövsümündə tutulmasının və vurulmasının norması (sayı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

11.3. Əhalinin sağlamlığını mühafizə etmək və təhlükəsizliyini təmin etmək, kənd təsərrüfatı və ev heyvanlarını xəstəliklərdən qorumaq, heyvanlar aləminə, onların yaşayış mühitinə və iqtisadiyyata zərər vurulmasının qarşısını almaq məqsədilə ayrı-ayrı yırtıcı heyvan növlərinin vurulması qaydası və limitləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

III fəsil. Ovçuluq

Maddə 12. Ovçuluq fəaliyyətinin həyata keçirilməsi

12.1. Ovçuluq fəaliyyəti bu Qanunda nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir.

12.2. Ovçuluq fəaliyyəti ödənişlidir. Bu fəaliyyət ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir.

12.3. 18 yaşına çatmamış, habelə məhdud fəaliyyət qabiliyyətli və fəaliyyət qabiliyyəti olmayan şəxslərin ovçuluq fəaliyyəti ilə məşğul olması qadağan olunur.

Maddə 13. Ovçuluq bileti və üzvlük bileti

13.1. Ovçuluq bileti ovçuluq fəaliyyətini həyata keçirmək üçün hüquq verən sənəddir. Ovçuluq bileti müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

13.2. Ovçuluq biletinin forması, qeydiyyatı və ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

13.3. Ovçuluq biletindən yalnız onun sahibi istifadə edə bilər.

13.4. Üzvlük bileti ovçunun ovçular cəmiyyətində üzv olduğunu təsdiq edən sənəddir. Ovçuya üzvlük bileti ovçuluq bileti əsasında üzvü olduğu ovçular cəmiyyəti tərəfindən verilir.

13.5. Üzvlük biletinin forması müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır.

Maddə 14. Ov etmək üçün icazə

14.1. Ov etmək üçün icazə ovçuluq fəaliyyətinin həyata keçirilməsinə icazə verən hüquqi sənəddir və ov obyektlərinin hər növünə ayrıca verilir.

14.2. İcazə ov mövsümündə həvəskar və idman ovunu həyata keçirmək üçün fiziki və hüquqi şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. İcazədə ov obyektinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtləri göstərilir. Ov etmək üçün icazənin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

14.3. Ovçuluq bileti və üzvlük bileti təqdim edilmədən ovçuya ov etmək üçün icazənin verilməsinə yol verilmir.

14.4. Ovçuya verilən ov etmək üçün icazədən yalnız özü istifadə edə bilər və icazə verildiyi müddət üçün etibarlıdır.

14.5. Ov obyektinə aid edilmiş vəhşi heyvanları yetişdirib ov yerlərinə buraxan təsərrüfat subyektləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ov etmək üçün icazə verə bilər.

14.6. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə beynəlxalq müqavilələrə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində ov etmək üçün icazənin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 15. Ov alətlərindən istifadə

15.1. Azərbaycan Respublikasının ərazisində ovçuluq fəaliyyətini həyata keçirmək üçün istifadə edilən ov alətlərinin növü və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

15.2. Ov silahlarının satışı, əldə edilməsi, uçotu, saxlanılması, gəzdirilməsi, tətbiqi, götürülməsi, müsadirəsi və geri alınması qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.

15.3. Ovçuluq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının ərazisində istifadəsinə icazə verilmiş ov silahları (odlu və ya soyuq) müvafiq icra hakimiyyəti orqanında bir dəfə qeydiyyatdan keçirilir və bu barədə ovçuluq biletində qeyd olunur. Yivli ov silahına icazə o ovçulara verilir ki, onların 5 ildən az olmayaraq müddətdə istifadəsində yivsiz ov silahı olsun.

Maddə 16. Ov mövsümü və ov etmək günləri

16.1. Azərbaycan Respublikasının ərazisində ov mövsümünün başlanmasını və müddətini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir və bu barədə kütləvi informasiya vasitələri ilə əhaliyə məlumat verir.

16.2. Ov mövsümündə ov edilməsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən günlərdə yol verilir.

Maddə 17. Ov məhsulları

17.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ovu həyata keçirən şəxslər tərəfindən tutulmuş və vurulmuş vəhşi heyvanlar, onların dəriləri, dəri örtükləri, buynuzları, əti və digər hissələri ov məhsulları hesab olunur.

17.2. Ov etmək üçün icazədə göstərilən normada (sayda) əldə edilən ov məhsulları ovçulara məxsusdur. Göstərilən normadan (saydan) artıq əldə edilən ov məhsulları ovçulardan geri alınır və onlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görülür.

Maddə 18. Ovçuların hüquq və vəzifələri

18.1. Ovçular aşağıdakı hüquqlara malikdir:

18.1.1. ovçuluq təsərrüfatlarından və ov obyektlərindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada istifadə etmək;

18.1.2. ovçular cəmiyyətinə üzv olmaq;

18.1.3. ov yerlərində ov alətlərindən istifadə etmək;

18.1.4. qanuni əldə edilən ov məhsullarına sahiblik etmək;

18.1.5. heyvanlar aləmi obyektlərinin istifadəsi üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

18.2. Ovçuların vəzifələri aşağıdakılardır:

18.2.1. ovu həyata keçirmək üçün müəyyən olunmuş qaydalara, normalara, limitlərə və müddətlərə əməl etmək;

18.2.2. hər il üçün ovçular cəmiyyətinə üzvlük haqqını vaxtında ödəmək;

18.2.3. ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmək;

18.2.4. ov silahından qanunvericilikdə nəzərdə tutulmuş qaydada təyinatı üzrə istifadə etmək;

18.2.5. ov yerlərində ekoloji və sanitariya-gigiyena norma və qaydalarına riayət etmək;

18.2.6. ov yerlərində vəhşi heyvanların yaşayış mühitinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək;

18.2.7. ovçuluq təsərrüfatlarının mühafizəsi məsələləri üzrə ekoloji proqramların yerinə yetirilməsində iştirak etmək;

18.2.8. vəhşi heyvanlar arasında xəstəlik müşahidə edildikdə, onların yaşayış mühiti pisləşdikdə, heyvanların məhv olmaq təhlükəsi yarandıqda və tələf olması hallarında dərhal ovçuluq təsərrüfatlarına və müvafiq icra hakimiyyəti orqanlarına məlumat vermək;

18.2.9. Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş və xüsusi mühafizə olunan vəhşi heyvan növlərinin mühafizə rejiminə əməl etmək;

18.2.10. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək.

Maddə 19. Ov etmək hüququnun dayandırılması

19.0. Ov etmək hüququ aşağıdakı hallarda dayandırılır:

19.0.1. hər il üçün üzvü olduğu ovçular cəmiyyətinə üzvlük haqqını vaxtında ödəmədikdə;

19.0.2. ov etmək üçün verilmiş icazənin müddəti qurtardıqda;

19.0.3. ov etmək üçün icazədən istifadəyə lüzum qalmadıqda, yaxud bu hüquqdan könüllü imtina edildikdə;

19.0.4. ovçuluq fəaliyyətinə xitam verildikdə;

19.0.5. vəhşi heyvanları hər hansı vasitə ilə icazəsiz ovladıqda;

19.0.6. heyvanlar aləmindən xüsusi istifadə qaydaları pozulduqda;

19.0.7. ovçuluq üzrə müəyyən edilmiş qayda, norma və digər tələblər müntəzəm yerinə yetirilmədikdə;

19.0.8. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda.

Maddə 20. Ov etməyə qadağanlar və məhdudiyyətlər

20.1. Azərbaycan Respublikasının ərazisində ov edilməsi aşağıdakı hallarda qadağan edilir:

20.1.1. muvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərdə tutulmamış günlərdə;

20.1.2. ovçuluq bileti və ov etmək üçün icazə olmadıqda;

20.1.3. başqa şəxsə aid olan ovçuluq biletindən, ov etmək üçün icazədən və ov silahından istifadə edildikdə;

20.1.4. ov etmək üçün verilmiş icazədə göstərilən yerdə ov edilmədikdə;

20.1.5. ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmədikdə;

20.1.6. ov etmək üçün icazədə göstərilmiş normadan (saydan) artıq ov edildikdə.

20.2. Ov yerlərində yanğın, daşqın, tufan, zəlzələ, torpaq sürüşməsi, quraqlıq kimi təbii fəlakət və vəhşi heyvanlar arasında epidemiya hadisələri baş verdikdə ov müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhdudlaşdırıla və ya dayandırıla bilər.

IV fəsil. Ovçuluq təsərrüfatları

Maddə 21. Ovçuluq təsərrüfatlarının təşkili və kateqoriyaları

21.1. Ovçuluq təsərrüfatlarının təşkili və aparılması məqsədilə vəhşi heyvanların yaşadığı, miqrasiya etdiyi və çoxaldığı ərazilər ov yerləri kimi istifadə edilir.

21.2. Ov yerlərinə yaşayış məntəqələrinin, sənaye, təsərrüfat və hərbi obyektlərin, dövlət təbiət qoruqlarının əraziləri, milli və təbiət parklarının xüsusi mühafizənin hüquqi rejimi tətbiq olunan fəaliyyət zonaları aid edilə bilməz və bu ərazilərdə ovçuluğun həyata keçirilməsi qadağandır.

21.3. Ovçuluq təsərrüfatlarının aparılması məqsədilə ov yerləri qanunvericiliklə müəyyən edilmiş qaydada azı 10 il müddətinə hüquqi və fiziki şəxslərin istifadəsinə və ya icarəsinə verilə bilər.

21.4. Azərbaycan Respublikasında ovçuluq təsərrüfatları respublika və yerli əhəmiyyətli kateqoriyalara bölünür. Ovçuluq təsərrüfatlarının kateqoriyalara aid edilməsi və bir kateqoriyadan digərinə keçirilməsi elmi müəssisələrin və əlaqədar təşkilatların rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

21.5. Respublika əhəmiyyətli ovçuluq təsərrüfatları elmi və texniki-iqtisadi əsaslandırmaya uyğun olaraq elmi müəssisələrin və əlaqədar təşkilatların rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təşkil edilir.

21.6. Respublika əhəmiyyətli ovçuluq təsərrüfatlarını müvafiq icra hakimiyyəti orqanı idarə edir və həmin təsərrüfatlar hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilə bilməz.

21.7. Yerli əhəmiyyətli ovçuluq təsərrüfatları elmi müəssisələrin və əlaqədar təşkilatların rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yaradılır.

21.8. Yerli əhəmiyyətli ovçuluq təsərrüfatları bütövlükdə və ya qismən, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələrin, hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilə bilər. Yerli əhəmiyyətli ovçuluq təsərrüfatları istifadəyə və icarəyə verilərkən onların hüquqi statusu, mühafizə rejimi və məqsədli təyinatı saxlanılır.

21.9. Bələdiyyələr, hüquqi və fiziki şəxslər mülkiyyətlərində olan torpaqlarda qanunvericiliyə uyğun olaraq ov obyektlərini yetişdirib ov yerlərinə buraxmaq məqsədilə ovçuluq təsərrüfatları yarada bilərlər.

Maddə 22. Ovçuluq təsərrüfatlarının inkişafı və yerləşdirilməsi sxemləri

22.1. Ovçuluq təsərrüfatlarının inkişafı və yerləşdirilməsi sxemləri sosial-iqtisadi tələblər və ətraf mühitin vəziyyəti nəzərə alınmaqla onların yaradılması üçün perspektiv tələbatı müəyyən edir.

22.2. Məqsədli istifadəsinə və hüquqi rejiminə görə ovçuluq təsərrüfatlarının torpaqlarına təbiəti mühafizə, sağlamlaşdırma və istirahət (rekreasiya) təyinatlı torpaqlar daxildir.

22.3. Ovçuluq təsərrüfatlarının təşkili məqsədilə başqa kateqoriyalara aid edilmiş torpaqların istifadəyə verilməsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir.

22.4. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ovçuluq təsərrüfatlarının inkişafı və yerləşdirilməsi sxemləri əsasında onların yaradılması və genişləndirilməsi üçün torpaq sahələri müvafiq ehtiyat torpaq fondunda saxlanılır.

22.5. Ovçuluq təsərrüfatlarının hər biri üçün pasport hazırlanır və müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmaqla müəyyən olunmuş qaydada saxlanılır.

Maddə 23. Ovçuluq təsərrüfatlarının vəzifələri

23.0. Ovçuluq təsərrüfatlarının vəzifələri aşağıdakılardır:

23.0.1. ovçuluq təsərrüfatlarının mühafizəsi və istifadəsi üzrə müəyyən olunmuş norma, standart və qaydalara əməl etmək;

23.0.2. ovçuluq təsərrüfatlarında turizm və istirahət (rekreasiya) üçün şərait yaratmaq;

23.0.3. ovçuluq təsərrüfatlarında vəhşi heyvanların sayının və istifadəsinin ilkin uçotunu aparmaq, onların vəziyyətini və yaşayış yerlərinin xarakterini öyrənmək, bu məlumatları müəyyən edilmiş qaydada heyvanlar aləminin dövlət uçotunu, kadastrını və monitorinqini həyata keçirən dövlət orqanına vermək;

23.0.4. ovçuluq təsərrüfatlarında nəzarət-buraxılış məntəqələri yaratmaq;

23.0.5. ovçuluq təsərrüfatlarına ova gələn şəxsləri qeydiyyata almaq və onların icazə əsasında ovladıqları vəhşi heyvanların uçotunu aparmaq;

23.0.6. vəhşi heyvanlar xəstəliyə yoluxduqda, onların yaşayış mühiti pisləşdikdə, məhv olmaq təhlükəsi yarandıqda və tələf olması hallarında müvafiq icra hakimiyyəti orqanlarına məlumat vermək, xəstəliklərin profilaktikası və ləğvi üzrə tədbirlər həyata keçirmək;

23.0.7. Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş və xüsusi mühafizə olunan vəhşi heyvan növlərinin mühafizə rejiminə əməl etmək;

23.0.8. dövlət nəzarətini həyata keçirən orqanın işçilərini ovçuluq təsərrüfatlarına maneəsiz buraxmaq və onların qanuni tələblərini və qərarlarını vaxtlı-vaxtında yerinə yetirmək;

23.0.9. ovçuluq təsərrüfatlarında ov obyektinə aid edilmiş vəhşi heyvanların, habelə onların yeni növlərinin yetişdirilməsini təşkil etmək və təbiətə buraxmaq, təbiətə buraxılma sayına uyğun olaraq onların ovunu qanunvericilikdə nəzərdə tutulmuş qaydada təşkil etmək;

23.0.10. ovçuluq təsərrüfatlarının yerləşdiyi ərazi üçün xarakterik olan ov obyektinə aid edilmiş vəhşi heyvanların qanunvericilikdə nəzərdə tutulmuş qaydada təbiətdən götürülərək süni şəkildə çoxaldılmasını təşkil etmək, hər bir vəhşi heyvan növü üzrə müəyyən yaş dövründə onları həmin təsərrüfatların ərazisinə buraxmaq və müvafiq qaydada ilkin uçotunu aparmaq;

23.0.11. ovçuluq təsərrüfatlarında vəhşi heyvanların, habelə onların yeni növlərinin yetişdirilməsini, artırılmasını və bərpasını həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanının razılığı və elmi müəssisələrin rəyi nəzərə alınmaqla damazlıq bazaları yaratmaq;

23.0.12. ovçuluq təsərrüfatlarında ov obyektinə aid edilmiş vəhşi heyvanların populyasiya quruluşunun (yaş və cinsiyyət tərkibinin), çoxalma və ov mövsümündə çıxdaş faizinin elmi-tədqiqat müəssisələri tərəfindən aparılan tədqiqat işlərinin nəticəsini nəzərə almaqla müəyyən olunmasını təmin etmək;

23.0.13. ovçuluq təsərrüfatının təyinatına uyğun olaraq təsərrüfat fəaliyyəti üçün zəruri olan yardımçı təsərrüfatlar, emalatxanalar və digər obyektlər yaratmaq;

23.0.14. heyvanlar aləminin mühafizəsi, bərpası, artırılması və istifadəsi üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək.

Maddə 24. Ovçuluq təsərrüfatlarının mühafizəsi

24.1. Ovçuluq təsərrüfatlarında ərazinin təbii vəziyyətini pozan hər hansı təsərrüfat fəaliyyətinə yol verilmir.

24.2. Ovçuluq təsərrüfatlarına bitişik olan torpaq və su sahələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalar müəyyən edilə bilər. Bu zonaların torpaqlarında ovçuluq təsərrüfatlarına zərərli təsir göstərən hər cür fəaliyyət qadağan edilir.

24.3. Ovçuluq təsərrüfatlarının təbii vəziyyətinin qorunub saxlanılmasında təsərrüfat subyektləri məsuliyyət daşıyırlar.

Maddə 25. Ovçuluq təsərrüfatlarından istifadə

25.1. Ovçuluq təsərrüfatlarından Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş tələblərə əməl etmək şərtilə aşağıdakı məqsədlərlə istifadə edilə bilər:

25.1.1. təbiəti mühafizə;

25.1.2. ovçuluq;

25.1.3. elmi-tədqiqat;

25.1.4. vəhşi heyvanların yarımsərbəst və qeyri-sərbəst şəraitdə saxlanması, yetişdirilməsi və artırılması məqsədilə tutulması;

25.1.5. sağlamlaşdırma;

25.1.6. təlim-tərbiyə;

25.1.7. ekoloji maarifləndirmə, turizm və istirahət (rekreasiya).

25.2. Ovçuluq təsərrüfatlarında onların məqsədli təyinatına və təbiət komplekslərinin və ayrı-ayrı obyektlərin mühafizəsi, bərpası və istifadəsi üzrə müəyyən edilmiş tələblərə zidd olmayan şərtlərlə başqa fəaliyyət növləri həyata keçirilə bilər.

25.3. Ovçuluq təsərrüfatlarından hüquqi və fiziki şəxslər mədəni, tədris, turizm, istirahət (rekreasiya) və məhdud təsərrüfat fəaliyyəti məqsədləri ilə istifadəni müəyyən edilmiş qaydada ödənişli əsaslarla həyata keçirirlər.

25.4. Ovçuluq təsərrüfatlarından istifadəyə görə ödənişlər dövlət büdcəsinə köçürülür.

Maddə 26. Ovçuluq təsərrüfatlarının stimullaşdırılması və

maliyyələşdirilməsi

26.1. Ov obyektinə aid edilmiş vəhşi heyvanların yetişdirilməsi ilə məşğul olan ovçuluq təsərrüfatlarının fəaliyyəti dövlət tərəfindən stimullaşdırılır.

26.2. Respublika və yerli əhəmiyyətli ovçuluq təsərrüfatlarının mühafizəsi və bərpası, onların inkişafı və yerləşdirilməsi üzrə respublika sxeminin hazırlanması, dövlət ovçuluq kadastrının və ov obyektlərinin monitorinqinin aparılması tədbirləri dövlət büdcəsinin, xarici investisiyalar, qrantlar və ianələr hesabına maliyyələşdirilir.

Maddə 27. Ovçuluq təsərrüfatlarında heyvanlar aləmindən istifadəyə

görə ödəmələr və qeyri-qanuni heyvan ovuna cərimələrOvçuluq təsərrüfatlarında heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada müəyyən edilir.

V fəsil. Ovçuluq haqqında qanunvericiliyin pozulmasına

görə məsuliyyət və mübahisələrin həlli

Maddə 28. Ovçuluq haqqında qanunvericiliyin pozulmasına görə

məsuliyyət

28.1. Ovçuluq haqqında qanunvericiliyi pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

28.2. Ovçuluq haqqında qanunvericiliyin pozulması nəticəsində ovçuluq təsərrüfatlarına vurulmuş zərərin əvəzi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada ödənilir.

Maddə 29. Mübahisələrin həlli

Ovçuluq fəaliyyəti və ovçuluq təsərrüfatlarının mühafizəsi və istifadəsi sahəsində mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.

VI fəsil. Beynəlxalq əməkdaşlıq

Maddə 30. Ovçuluq və ovçuluq təsərrüfatı sahəsində beynəlxalq

əməkdaşlıq

Azərbaycan Respublikasının ərazisində ovçuluq fəaliyyəti və ovçuluq təsərrüfatlarının mühafizəsi, təşkili, bərpası və istifadəsi sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikası ilə başqa dövlətlər arasında bağlanmış müqavilələr, sazişlər, razılaşmalar və digər beynəlxalq hüquq normaları əsasında həyata keçirilir.

Maddə 31. Beynəlxalq müqavilələrAzərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə ovçuluq və ovçuluq təsərrüfatı sahəsində müəyyən edilmiş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqli olduqda beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 20 aprel 2004-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin