SİYASƏT
“Azərbaycan-Rusiya” münasibətlərində yeni mərhələ”
“Qismət” nəşriyyatı “Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələ. Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycana rəsmi səfiri \9-10 yanvar 2001-ci il\” kitabını nəfis şəkildə çapdan buraxmışdır.
Nəşrin elmi redaktoru, Azərbaycan Prezidentinin icra aparatının rəhbəri, fəlsəfə elmləri doktoru Ramiz Mehdiyev kitaba həm də ön söz yazmışdır.
Kitabın buraxılışına məsul Prezidentin icra aparatının ictimai-siyasi şöbəsinin müdiri, tarix elmləri doktoru Əli Həsənov, tərtibçiləri filologiya elmləri doktoru Teymur Əhmədov və Hümmət Musayevdir.
Ön sözdə 1993-cü ilin ikinci yarısınadək Azərbaycan-Rusiya münasibətlərinin qısa xarakteristikası verilir, keçmiş SSRİ-yə daxil olan bu iki müstəqil dövlətin qarşılıqlı əlaqələrinin inkişafına mane olan səbəblər göstərilir. Daha sonra isə vurğulanır ki, görkəmli dövlət xadimi və siyasi xadim Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışından sonra Azərbaycan Rusiya ilə qarşılıqlı əlaqələrin dinamik inkişafına geniş yol açan xarici siyasət yeritməyə başladı. Heydər Əliyevin 1993-cü ilin sentyabrında, Azərbaycan Prezidentinin səlahiyyətini həyata keçirərkən və 1997-ci ilin iyulunda respublikamızın Prezidenti kimi Moskvaya səfərlərinin bu sahədə xüsusi əhəmiyyəti oldu. Lakin Azərbaycan rəhbərliyinin xoşməramlı ardıcıl səyləri ziddiyyətli siyasətini davam etdirən Rusiya tərəfindən adekvat qiymətini almırdı və bu, bir çox məsələlərdə özünü büruzə verirdi.
Ötən il Vladimir Putin hakimiyyətə gəldikdən sonra isə Rusiyanın bütövlükdə xarici siyasətində, o cümlədən Azərbaycan ilə qarşılıqlı münasibətlərində praqmatik meyllər özünü göstərməyə başladı. Müstəqillik dövründə Rusiya Federasiyasının prezidentinin Azərbaycan Respublikasına ilk rəsmi səfəri ölkələrimizin münasibətlərinin inkişafında yeni meyl yaratdı.
Rusiya Prezidenti Vladimir Putinin səfər zamanı Azərbaycan Prezidenti Heydər Əliyev ilə keçirdiyi görüşlərdə və nümayəndə heyətləri arasında aparılan danışıqlarda ölkələrimizin əməkdaşlığının bütün sahələri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər geniş müzakirə olundu. Prezidentlərin imzaladıqları Bakı bəyannaməsi və Xəzər dənizində əməkdaşlığın prinsipləri haqqında birgə bəyanat, habelə hökumətlərarası sazişlər ikitərəfli münasibətlərin inkişafında yeni perspektivlər açdı.
Kitab üç fəsildən ibarətdir. Birinci fəsildə səfərin bütün rəsmi xronikası, sonrakı fəsillərdə isə Rusiya mətbuatında və digər ölkələrin kütləvi informasiya vasitələrində səfərlə bağlı verilmiş materialların bir qismi toplanmışdır.
AZƏRTAC-ın materialları əsasında hazırlanmış bu kitabda çoxlu rəngli fotoşəkil verilmişdir.