İQTİSADİYYAT
Azərbaycan sabit Avstraliya istiqrazları alır
Vaşinqton, 28 noyabr (AZƏRTAC). ABŞ-ın nüfuzlu “Wall Street Journal” jurnalı xəbər verir ki, Azərbaycan hazırda dünyanın inkişaf etmiş ölkələrində ən sabit sayılan Avstraliya dövlət istiqrazlarını almağa başlamışdır. Bu il Beynəlxalq Valyuta Fondu Avstraliya istiqrazlarını ən təhlükəsiz elan etmişdir.
Məqalədə deyilir ki, 33 milyard kapitalı olan Azərbaycan Dövlət Neft Fondu 2012-ci ilin iyulundan Avstraliyadan səhmlər almağa başlamışdır. O vaxt Avstraliya dollarının məzənnəsi 3,4 faiz artmışdır. Fonddan bildirmişlər ki, sərmayələrin başlıca məqsədi valyuta səbətinin diversifikasiyasıdır.
Dövlət Neft Fondundan başqa Rusiya və İsveçrə milli bankları da böyük miqdarda səhmlərin alınmasında iştirak etmişlər. Avstraliya qiymətli kağızlarının xarici sərmayədarlar tərəfindən alınması rekord 76 faiz, başqa sözlə, 2002-ci ilin səviyyəsindən iki dəfə artmışdır.
Jurnalın yazdığına görə, Avstraliya satış barədə məlumatların yalnız bir hissəsini açıqlayır. Ölkənin maliyyə idarəsi ofisinin açıqladığı göstəricilərə əsasən, istiqraz alan ölkələrin əksəriyyəti Asiya ölkələridir. Onların ardınca Avropa və Şimali Amerika ölkələri gəlir.
“Pacific Investment Management Co” şirkətinin işlər müdiri Robert Midin sözlərinə görə, Avstraliya istiqrazlar bazarı dünyada istiqraz alışı və satışı üzrə ən iri bazarlardan biridir. Ehtimal ki, bu bazar suveren balansın sabitliyi və digər iri istiqraz bazarları ilə müqayisədə daha yüksək real gəlirə görə offşor sərmayədarlar üçün cəlbedici olaraq qalacaqdır.
Avstraliya energetika sahəsinin inkişafı sayəsində dünyanın sürətlə irəliləyən ölkələrindən biri sayılır. Hazırda ölkədə ümumi dəyəri 424 milyard dollar olan 456 filiz, neft və qaz hasilatı layihəsi həyata keçirilir. Onların əksəriyyəti Yeni Cənubi Uels və Qərbi Avstraliya ştatlarında gerçəkləşdirilir. Neft və qaz hasilatına görə dünyada ikinci yeri tutan ən iri layihə Qordon adlanır. Bu layihənin operatoru ABŞ-ın “Chevron” şirkətidir.
Azərbaycan Dövlət Neft Fondu ilk olaraq 200 milyon Avstraliya dolları (təxminən 209 ABŞ dolları) məbləğində Avstraliya dövlət istiqrazları almışdır.
Xatırladaq ki, Azərbaycan Dövlət Neft Fondu 1999-cu ildə neft gəlirlərinin saxlanması məqsədilə yaradılmışdır. Avstraliya istiqrazlarının alışı Bakının son illər fəallığı istiqamətində atılan daha bir addımdır. Azərbaycan dünya iqtisadi bazarında sabit sərmayədara çevrilməkdədir.
Yusif Babanlı
Məxsusi olaraq AZƏRTAC üçün
Vaşinqton