İQTİSADİYYAT
Azərbaycan Sahibkarlar Konfederasiyasının təmsil olunduğu Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının strukturu təsdiqlənib
![](/files/galleryphoto/2019/2/1200x630/15645784254402545388_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/1564578425403244160_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/15645784255626247316_1200x630.jpg)
Bakı, 31 iyul, AZƏRTAC
Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan arasındakı qarşılıqlı ticarət və investisiya imkanlarının genişləndirilməsinə dəstək məqsədilə yaradılan Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının (TDTSP) iyulun 31-də İstanbulda ilk iclası keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev təmsil edib.
ASK-dan AZƏRTAC-a bildirilib ki, iclasın açılışında Türkiyənin Ticarət naziri Ruhsar Pekcan, Türk Sənaye və Birjalar Birliyinin rəhbəri Rifat Hisarcıklıoğlu, Türk Şurasının Baş katibi Bağdad Amreyev, ASK-ın prezidenti M.Musayev, Qazaxıstan Beynəlxalq Sahibkarlar Palatasının rəhbəri Ablay Myrzahhmetov və Qırğızıstan Ticarət və Sənaye Palatasının rəhbəri Marat Şarşekeev çıxış ediblər.
İlkin mərhələdə TDTSP-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan təmsil olunacaq. Sonradan başqa türkdilli dövlətlərin də daxil olması gözlənilir.
“Bu 6 ölkənin 1,1 trilyon dollarlıq iqtisadi dövriyyəsi var və 160 milyonluq əhaliyə sahibdirlər. Biz əvvəlcə ölkələrimiz arasındakı ticari maneələri aradan qaldırmalı, bir-birimizlə ticarəti artırmalıyıq. Avropa İttifaqının bənzəri olan bir uğur hekayəsini biz də yazmalıyıq. Türkdilli dövlətlərin Biznes Şurası ilə Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası bu hədəfə çatmağa imkan yaradacaq. İnanıram ki, hökumətlərimiz və iş dünyası birlikdə çalışarsa, yeni uğur hekayələrini türk dünyası da yazacaq”, - deyə R.Hisarcıklıoğlu qeyd edib.
ASK-ın prezidenti M.Musayev Azərbaycanın ilk gündən Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının yaradılmasına dəstək verdiyini deyib: “Bu qurumun ölkələrimiz üçün faydalı bir təsisat olacağına inanıram. Hər birinizə bu yolda uğurlar arzulayıram”.
Keçirilən səsvermə nəticəsində Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının təşkilatı strukturu təsdiqlənib. Palatanın prezidenti vəzifəsi Rifat Hisarcıklıoğluna həvalə edilib, Baş katib isə Adem Kula seçilib.