SİYASƏT
Azərbaycan səfiri etimadnaməsini Portuqaliya Prezidentinə təqdim etmişdir
Bakı, 17 yanvar (AZƏRTAC). Azərbaycanın Mərakeşdəki səfiri Tarik Əliyev eyni zamanda ölkəmizin Portuqaliyada səfiri təyin edilməsi ilə əlaqədar etimadnaməsini bu ölkənin Prezidenti Anibal Kavaku Silvaya təqdim etmişdir.
Azərbaycanın Mərakeşdəki səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, Prezident Anibal Kavaku Silva səfir T.Əliyevlə söhbət etmişdir.
T.Əliyev Azərbaycan ilə Portuqaliya arasında siyasi, iqtisadi və mədəni sahələrdə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar olduğunu vurğulamış, hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığından məmnunluğunu bildirmişdir.
Diplomat Portuqaliya Prezidentinə regiondakı hazırkı vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin əldə etdiyi siyasi-iqtisadi uğurlar barədə məlumat vermişdir.
Prezident Anibal Kavaku Silva səmimi salamlarının və xoş arzularının Prezident İlham Əliyevə çatdırılmasını səfirdən xahiş etmişdir.
Portuqaliya Prezidenti Azərbaycanın geniş iqtisadi imkanlara malik olduğunu və ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinə önəm verdiyini söyləmişdir.
Prezident Anibal Kavaku Silva səfir T.Əliyevə diplomatik fəaliyyətində uğurlar arzulamış və ikitərəfli əməkdaşlığın daha da genişləndiriləcəyinə əminliyini bildirmişdir.
T.Əliyev Prezident A.Silvanın Portuqaliyada akkreditə olunmuş səfirlərin şərəfinə Yeni il bayramı münasibətilə verdiyi ziyafətdə də iştirak etmişdir.