İQTİSADİYYAT
Azərbaycan şirkətləri Almaniyada sənaye sərgisində iştirak edəcək
Bakı, 28 yanvar, AZƏRTAC
Azərbaycan şirkətləri Almaniyada sənaye sərgisində iştirak edəcək.
AZƏRTAC Alman-Azərbaycan Xarici Ticarət Palatasına (AHK Azərbaycan) istinadla xəbər verir ki, fevralın 5-8-də Almaniyanın Leypsiq şəhərində Saksoniya vilayətinin sənaye üzrə aparıcı sərgisi olan "Z və Intec" sərgisi açılacaq. Palata "Sənaye İxracının Təşviqi" layihəsi çərçivəsində fevralın 4-7-də Azərbaycanın maşın mühəndisliyi, maşın və cihazqayırma sahələri üzrə təşkilat və müəssisələrinin nümayəndələri üçün sərgisinə biznes səfəri təşkil edir. Layihənin proqramına sərgiyə ziyarət, seminarlarda iştirak, müəssisələrlə və müvafiq sahələr üzrə seçilmiş Saksoniya şirkətləri ilə ikitərəfli görüşlər, eləcə də qeyri-rəsmi formatda müzakirələr və mədəni tədbirlər daxildir.
Biznes səfərin əsas məqsədi oxşar biznes profillərinə malik olan Azərbaycan və Saksoniya şirkətlərinin bir araya gətirilməsi, ikitərəfli işgüzar əməkdaşlığın genişləndirilməsidir.
Layihə Saksoniya Dövlət İqtisadiyyat, Əmək və Nəqliyyat Nazirliyi (SMWA) tərəfindən maliyyələşdirilir və Saksoniya İqtisadi İnkişaf Korporasiyası (WFS) ilə "AHK Azərbaycan"ın birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.