İQTİSADİYYAT
Azərbaycan şirkətləri Fransada keçirilən Beynəlxalq yarmarkada iştirak edir
Bakı, 4 iyun (AZƏRTAC). Məlumat verildiyi kimi, iyunun 2-dən Fransanın Aşağı Normandiya regionunda yerləşən Leql şəhərində 54-cü ənənəvi Beynəlxalq yarmarka keçirilir.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Leql şəhərinin 1001 illiyi münasibətilə təşkil edilən yarmarkada Azərbaycan şirkətləri də iştirak edir.
Yarmarkanın ölkəmiz üçün ayrılmış hissəsində İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə respublikamızın 10 şirkətinin 250-ə yaxın çeşiddə məhsulu nümayiş olunur.
Tədbir çərçivəsində Azərbaycanın Naftalan və Fransanın Leql şəhərləri arasında Qardaşlaşma Sazişi imzalanmışdır.
Mərasimdə Azərbaycanın dövlət himni səslənmişdir. Üçrəngli bayrağımız artıq Leql meriyasının qarşısında dalğalanır.
Yarmarka iyunun 5-dək davam edəcəkdir.