İQTİSADİYYAT
Azərbaycan şirkətləri SIAL Paris Beynəlxalq ərzaq sərgisində iştirak edəcəklər
Paris, 18 oktyabr, AZƏRTAC
Azərbaycan SIAL Paris Beynəlxalq ərzaq sərgisində təmsil olunacaq.
AZƏRTAC xəbər verir ki, sərgidə İqtisadiyyat Nazirliyinin və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, meyvə şirələri, mineral sular, konservləşdirilmiş məhsullar, fındıq və qurudulmuş meyvə, çay istehsalı ilə məşğul olan 23 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendi ilə təqdim edəcək.
Sərgi çərçivəsində Azərbaycan şirkətlərinin nümayəndələri Fransanın kənd təsərrüfatı və yeyinti sənayesi məhsullarının satışı ilə məşğul olan distribüterlərlə görüşəcək və ixrac məsələlərinə dair müzakirələr aparacaq.
Qeyd edək ki, SIAL sərgisi 1964-cü ildən dünyanın müxtəlif ölkələrində həyata keçirilir. Bu il Paris şəhərində keçirilən sərgi Avropanın ən böyük ərzaq məhsulları sərgilərindən biridir. Sərgidə dünyanın 109 ölkəsindən 7 mindən çox şirkət iştirak edəcək.
SIAL Paris Beynəlxalq ərzaq sərgisi oktyabrın 21-dən 25-dək keçiriləcək.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris