CƏMİYYƏT
Azərbaycan Tallində Milad yarmarkasında təmsil olunub
Tallinn, 24 noyabr, AZƏRTAC
Tallinn Beynəlxalq Qadınlar Klubunun təşkilatçılığı ilə Estoniyanın paytaxtında ehtiyacı olan uşaqlara vəsait toplamaq üçün təşkil edilən xeyriyyə Milad bazarı başa çatıb. Ötən il analoji aksiya çərçivəsində 35 min avro toplanıb.
Beynəlxalq Milad bazarında 24 ölkənin səfirliyi ilə bərabər, Azərbaycan səfirliyi də təmsil olunub. Yarmarkada Azərbaycan milli mətbəxinin şirniyyatı və yeməkləri, nar şirəsi, mürəbbələr, habelə milli suvenirlər satılıb.
Tallinn Beynəlxalq Qadınlar Klubu öz sıralarında 30 ölkədən 80 qadın birləşdirir. Klub toplanan vəsaiti sifarişlər əsasında müxtəlif təşkilatlar arasında bölüşdürəcək. Həmin məbləğin bir hissəsini artıq yeddinci dəfə SOS Proqramının iştirakçısı Lasteküla Urve Myannimyaqi alacaq. Bu xanım müəyyən səbəblərdən valideynindən məhrum olmuş uşaqlara analıq edir. Hazırda 12 uşaq onu öz anası sayır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn