ELM VƏ TƏHSİL
Azərbaycan Tibb Universitetinin əməkdaşları Türkiyədə keçirilmiş konfransda çıxış etmişlər
Bakı, 28 noyabr (AZƏRTAC). Türkiyənin İstanbul şəhərində Avropa Cərrahlar Cəmiyyətinin (ESS) on altıncı illik konfransı keçirilmişdir.
Azərbaycan Tibb Universitetindən (ATU) AZƏRTAC-a bildirmişlər ki, konfransda ölkəmizi ATU ilə yanaşı, müxtəlif tibb ocaqlarının nümayəndələri təmsil etmişlər.
Tədbirdə ATU-nun birinci cərrahi xəstəliklər kafedrasının əməkdaşları Nadir Zeynalov və Taryel Ömərovun məruzələri dinlənilmişdir.
Konfransda müasir texnologiyaların, o cümlədən robot cərrahiyyəsinin inkişafı ilə bağlı geniş müzakirələr aparılmış, tibbin müxtəlif sahələrinə aid yeniliklər barədə məlumat verilmişdir. Bununla yanaşı, Türkiyənin tanınmış tibb ocaqlarında “Robotik cərrahiyyə”, “Laparoskopik kolorektal cərrahiyyə”, “Endorektal-endoanal ultrasonoqrafiya” mövzusunda kurslar təşkil edilmişdir.