AZƏRBAYCAN TİBB UNİVERSİTETİNİN TƏDRİS CƏRRAHİYYƏ KLİNİKASININ YARADILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Son illər ərzində Azərbaycan Tibb Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilmiş, ölkədə tibbi kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi məqsədi ilə bəzi tədris klinikaları yaradılmışdır. Cərrahiyyə kafedralarının Bakı şəhərinin müxtəlif rayonlarının ərazisində yerləşməsi Azərbaycan Tibb Universitetində bu ixtisaslar üzrə tədris prosesinin normal təşkilində müəyyən problemlər yaradır.
Bakı şəhərində yerləşən bütün cərrahiyyə kafedralarının vahid ərazidə mərkəzləşdirilməsi, bu istiqamətdə tədris prosesinin təşkilinin yaxşılaşdırılması, həmçinin ixtisaslaşdırılmış tibbi təhsil və tibb elminin inteqrasiyasının təmin edilməsi üçün imkanların yaradılması, nəzəri biliklərin praktik təcrübə ilə daha sıx əlaqələndirilməsi məqsədi ilə qərara alıram:
1. Bakı şəhərində Azərbaycan Tibb Universitetinin tədris cərrahiyyə klinikası yaradılsın.
2. Bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş klinikanın binasının inşasına başlamaq üçün 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 1,0 (bir) milyon manat məbləğində vəsait ayrılsın.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2-ci bəndi ilə ayrılmış vəsaitin maliyyələşdirilməsini və həmin tikintinin başa çatdırılması üçün növbəti illərdə dövlət büdcəsinin layihəsində zəruri vəsaitin nəzərdə tutulmasını təmin etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 mart 2008-ci il.