REGİONLAR
Azərbaycan Türkiyədə keçirilən beynəlxalq meyvə–tərəvəz sərgisində iştirak edir
Bakı, 17 mart (AZƏRTAC). Martın 17-də Türkiyənin Antalya şəhər bələdiyyəsinin və ANFAŞ şirkətinin təşkilatçılığı ilə “FreshAntalya 2011” V meyvə-tərəvəz məhsulları Beynəlxalq sərgisi açılmışdır.
AZƏRTAC Türkiyənin Anadolu agentliyinə istinadla xəbər verir ki, tədbirin məqsədi sərgi vasitəsilə Türkiyədə və digər ölkələrdə istehsal olunan məhsulları, meyvə-tərəvəz sektorunda tətbiq edilən ən son yenilikləri tanıtmaq və ixracın artırılmasıdır. Eyni zamanda, sərginin qarşısında duran əsas vəzifələrdən biri daha keyfiyyətli ixracyönümlü məhsul istehsalını stimullaşdırmaqdır.
Dünyanın 142 şirkətinin iştirak etdiyi sərgidə müxtəlif növ meyvə-tərəvəz məhsulları, şitillər, toxumlar nümayiş olunur.
Sərgini Azərbaycan, Avstriya, Rusiya, İsrail, İtaliya, Fransa, Yunanıstan, İngiltərə, Almaniya, Ukrayna, Hollandiya, İspaniya olmaqla ümumilikdə 36 ölkədən alıcı heyətin ziyarət edəcəyi gözlənilir.
Tədbir çərçivəsində brifinq, sərgi stendlərinə baxış, müsabiqələr, ikitərəfli görüşlər təşkil olunacaqdır.
Sərgi martın 19-dək davam edəcəkdir.