İQTİSADİYYAT
Azərbaycan və Böyük Britaniya arasında neft-qaz sahəsində əlaqələr uğurla inkişaf edir
Bakı, 27 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi, Lordlar Palatasının üzvü Lord Risbi, Lord Leksden, Lord Stiv Con və onları müşayiət edən şəxslərlə görüş keçirilmişdir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qonaqları səmimi salamlayan şirkətin prezidenti Rövnəq Abdullayev Böyük Britaniya və Azərbaycan arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırmış, bu inkişafda enerji sahəsində əməkdaşlığın rolunu vurğulamışdır. ARDNŞ-in prezidenti ötən ilin noyabr ayında Britaniyada, Lordlar Palatasında təqdimat zamanı çıxışını xatırladaraq qarşılıqlı səfərlərin, görüş və fikir mübadilələrinin ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynadığını qeyd etmişdir.
Azərbaycanın əldə etdiyi sürətli iqtisadi inkişafdan məmnunluğunu bildirən Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi Lord Risbi qonaqpərvərliyə görə minnətdarlığını bildirmiş, Böyük Britaniya ilə Azərbaycan arasında münasibətlərin bundan sonra daha dinamik templərlə inkişaf etməsini arzulamışdır.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev qədim neft diyarı olan Azərbaycanın sosial-iqtisadi inkişafında qazanılmış uğurlardan danışmış, bu nailiyyətlərdə neft-qaz sektorunun rolunu qeyd etmiş, xüsusilə respublikamızın qaz ixrac edən ölkələr arasında özünə layiqli yer tutmasından, şirkətin ölkədə və xaricdə həyata keçirdiyi qlobal layihələrdən ətraflı söz açmışdır.
Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın təbii qaz mənbəyi kimi verdiyi töhfələrdən söz açan R.Abdullayev, artıq “Şahdəniz-2” layihəsi üzrə çıxarılacaq qaz həcmlərinin nəql marşrutunun seçildiyini, Avropa alıcıları ilə müqavilələrin imzalandığını diqqətə çatdırmışdır. Daha sonra ARDNŞ ilə bp arasında uzunmüddətli uğurlu əməkdaşlığa toxunan R.Abdullayev, bu əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini bildirmiş, ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən neft-qaz sahəsində inkişaf etdiyini söyləmişdir.
Sonda ARDNŞ-in prezidenti nümayəndə heyətinin üzvlərini maraqlandıran sualları cavablandırmışdır.