SİYASƏT
Azərbaycan və Macarıstanın hakim partiyaları arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur
Budapeşt, 29 noyabr (AZƏRTAC). Macarıstanda səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisinin deputatı Əli Əhmədov Macarıstan parlamentinin sədrinin birinci müavini Şandor Lejak ilə görüşmüşdür.
Görüşdə hər iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin genişləndirilməsi, dostluq qruplarının fəaliyyətinin intensivləşdirilməsi, deputatlarımızın beynəlxalq təşkilatlarda əməkdaşlığının perspektivləri və s. məsələlər müzakirə olunmuşdur. Milli Məclisdəki YAP deputat fraksiyası ilə Macarıstan parlamentinin hakim Fides partiyasının fraksiyası arasında əməkdaşlığa dair müqavilənin hazırlanması və imzalanması ilə əlaqədar fikir mübadiləsi aparılmışdır.
Söhbət zamanı iqtisadi, mədəni, humanitar, gənclər siyasəti və s. sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə də toxunulmuşdur. Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, Macarıstan Xarici İşlər Nazirliyinin Qafqaz və Mərkəzi Asiya idarəsinin rəisi, səfir Erne Keşkeni görüşdə iştirak etmişlər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt