RƏSMİ XRONİKA
AZƏRBAYCAN VƏ QAZAXISTANIN NEFT SAHƏSİNDƏ UĞURLU ƏMƏKDAŞLIĞI BUNDAN SONRA DA DAVAM EDƏCƏKDİR
AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ İLHAM ƏLİYEV QAZAXISTANIN “KAZMUNAYQAZ” ŞİRKƏTİNİN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Nümyəndə heyətinin rəhbəri, “KazMunayQaz” şirkətinin birinci vitse-prezidenti TİMUR KULİBAYEV Azərbaycanın Baş nazirinə təşəkkür edərək dedi:
-Hörmətli cənab Baş nazir! Vaxt ayırıb bizi qəbul etdiyiniz üçün Sizə minnətdarlığımızı bildiririk. Biz bilirik ki, Sizin iş cədvəliniz çox gərgindir.
Qısaca olaraq Sizə Qazaxıstan və Azərbaycan prezidentlərinin tapşırığı ilə neftin və qazın nəqlinə dair görülən işlər barədə məlumat vermək istərdik. Nümayəndə heyətimizin üzvü cənab Kabıldin işçi qrupu çərçivəsində danışıqlar aparır. Deməliyəm ki, biz qarşıya qoyulmuş məsələlərin yerinə yetirilməsi sahəsində ciddi irəliləyiş əldə etmişik.
Baş nazir İLHAM ƏLİYEV məlumat üçün təşəkkürünü bildirərək dedi:
-Biz cənab Kabıldinlə bu danışıqlar çərçivəsində Londonda görüşmüşük. Mən sizi salamlayıram, Azərbaycana xoş gəlmisiniz, sizin gəlişinizə çox şadıq.
Deməliyəm ki, bu danışıqlar hələ ötən ilin dekabrında başlayıbdır. Onda biz ilk dəfə birgə görüş keçirdik. Sonra razılığa gəldik ki, bu görüşlər daimi əsaslarla Qazaxıstanda və Azərbaycanda davam etdiriləcəkdir.
Son zamanlara qədər mən özüm bu prosesin fəal iştirakçısı idim. Bu layihənin dövlətlərimiz üçün böyük əhəmiyyəti olduğunu nəzərə alaraq, bundan sonra da onun həyata keçirilməsində fəal iştirak edəcəyəm. Düşünürəm ki, layihə təkcə neft şirkətləri üçün deyil, ümumilikdə dövlətlərimizin gələcəyi üçün çox vacibdir.
Çox məmnunam ki, bu proses Qazaxıstan və Azərbaycan arasında qarşılıqlı anlaşma şəraitində davam edir. Bizdə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisində əməli nəticələr əldə olunmuşdur. Bu yaxınlarda Natiq Əliyevlə neft kəmərinin tikintisinin aparıldığı yerə baş çəkdik. Kabinetdə oturub danışmaq, qərarlar qəbul etmək, müzakirələr aparmaq məsələnin bir tərəfidir, tozun içərisində və qızmar çöldə tikinti işləri ilə bilavasitə tanış olmaq isə məsələnin digər tərəfidir. Deməliyəm ki, bu gün orada bizim gələcək inkişafımızın təməli qoyulur.
Əlbəttə, bu sahədə sizin ölkənizlə aparılan danışıqlar böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, artıq bir sıra nailiyyətlər əldə etmişik. Biz ölkələrimizin potensialını təhlil edərək, bütün bu məsələləri təfərrüatı ilə müzakirə edəcəyik.
Sağ olun, sizə uğurlar arzulayıram.
X X X
Qəbulda Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev, Qazaxıstanın “Kazmortransflot” şirkətinin baş direktoru Kayrat Krımov, Qazaxıstanın ölkəmizdəki səfiri Andar Şukputov iştirak edirdilər.