CƏMİYYƏT
Azərbaycan və Türkiyə arasında COVID-19-a dair epidemioloji nəzarət məsələləri üzrə onlayn müzakirələr keçirilib
Bakı, 25 iyun, AZƏRTAC
Türkiyə Cümhuriyyəti Səhiyyə nazirinin müavini Emine Alp Meşe və nazirliyin Elmi-Tibbi Şurası ilə Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Viktor Qasımov və aidiyyəti mütəxəssislərin iştirakı ilə keçirilən videokonfransda hər iki ölkədə COVID-19 ilə əlaqədar mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, xəstəxanadaxili infeksiyaya nəzarətin təşkili, xəstə təmas zəncirinin təhlili və tətbiq edilməsi, simptomsuz xəstələr üzərində epidemioloji nəzarət və COVID-19 virusu üçün innovativ müayinə metodları kimi mövzulara da diqqət yetirilib.
Hər iki ölkə nümayəndələri COVID-19 pandemiyası ilə mübarizədə əməkdaşlığın davam etdiriləcəyini bildiriblər.