İQTİSADİYYAT
Azərbaycan və Ukraynanın auditorlar palataları arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır
Bakı, 5 oktyabr (AZƏRTAC). Azərbaycan Auditorlar Palatası (AAP) ilə Ukrayna Auditorlar Palatası (UAP) arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır.
Auditorlar Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sazişi AAP-ın sədri Vahid Novruzov və UAP-ın rəhbəri İvan Nesterenko imzalamışlar.
Sazişdə hər iki ölkədə müstəqil audit institutunun gələcək inkişafına yönəlmiş birgə iş, auditor fəaliyyətinin standartlaşdırılması sahəsində əməkdaşlıq, mütəxəssislər arasında peşəkar ünsiyyət və ölkələrimiz arasında təcrübə mübadiləsi üçün şəraitin yaradılması nəzərdə tutulur. Sənəddə, həmçinin qanunverici və normativ aktların təkmilləşdirilməsi üçün birgə təcrübədən istifadə, mühasibat uçotu və auditin aparılmasına aid milli normativ sənədlərin mübadiləsi, palataların əməkdaşlarının ixtisaslarının artırılması sahəsində əməkdaşlıq məsələləri də əksini tapmışdır.