İDMAN
Azərbaycan voleybolçuları Avropa çempionatında iştirak edəcəklər
Bakı, 9 aprel (AZƏRTAC). Azərbaycan millisi voleybol üzrə qızlar arasında Avropa çempionatında iştirak edəcəkdir.
AZƏRTAC xəbər verir ki, D qrupunda yer alan yığmamız qitənin ən mötəbər turnirinə aprelin 11-də Avstriya ilə oyunla başlayacaqlar.
Baş məşqçi Feliks Məmmədovun rəhbərlik etdiyi komanda sonuncu matçını Hollandiya voleybolçularına qarşı keçirəcəkdir. Reqlamentə əsasən, yığmamız yarışa II təsnifat mərhələsindən başlayacaqdır. Burada ilk yerin sahibləri birbaşa final mərhələsinə yüksələcəklər. Qrupda 2-3-cü yerləri tutacaq komandalar isə III təsnifat mərhələsinə vəsiqə qazanacaqlar.
Yığmamız D qrupunda Avstriya, Slovakiya, İsveçrə, Bolqarıstan və Hollandiya milliləri ilə qarşılaşacaqdır. Bu qrupun matçları Slovakiyada keçiriləcəkdir.