İDMAN
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş idman səmtləşməsi üzrə beynəlxalq turnir başa çatmışdır
Bakı, 12 may (AZƏRTAC). Mayın 12-də Nabranda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş idman səmtləşməsi üzrə Azərbaycan tarixində ilk Açıq Kubok yarışları başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, ikigünlük turnirin proqramına böyük və kiçik distansiyalarda yarışlar daxil edilmişdi. Təcrübəli idmançılarla yanaşı, gənclərin də qoşulduğu yarışlarda birincilik uğrunda 25 komanda və 300 idmançı mübarizə aparırdı.
Qeyd edək ki, beynəlxalq yarışlar Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Xüsusi Mühafizə Xidməti, Dövlət Sərhəd Xidməti, Xaçmaz Rayon İcra Hakimiyyəti, həmçinin Ukraynanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Azərbaycan Respublikası İdman Səmtləşməsi Federasiyası və Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təşkil olunmuşdu.
Beynəlxalq turnirə qatılmış idmançılar ilk dəfə idman dərəcələri almaq imkanı əldə etmişlər.
Yarışların təşkilatçıları turnirin qaliblərini kuboklar, medallar və hədiyyələrlə mükafatlandırmışlar.