İQTİSADİYYAT
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi daşımalar zamanı elektron biletdən istifadə etməyə dəvət edir
Bakı, 15 yanvar, AZƏRTAC
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi daşımalar zamanı elektron biletdən (e-bilet) istifadə etməyə dəvət edir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2016-cı ilin sentyabrından tətbiq olunan e-bilet xidmətindən yararlanmaqla Ro-Ro və bərə gəmiləri ilə müxtəlif tipli avtomobillər və sərnişin daşımaq mümkündür.
Elektron bilet xidməti ölkəmizdən keçən beynəlxalq nəqliyyat marşrutlarına cəlbediciliyin yüksəldilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə ilə yük və sərnişindaşımalarında sənədləşmənin sadələşdirilməsi və operativliyin artırılması məqsədilə gerçəkləşdirilir. Üstəlik, bu xidmət daha güvənli və sərfəlidir. Müştəri hər hansı vasitəçiyə müraciət edib əlavə pul ödəmək məcburiyyətində deyil.
Bu sistem istifadəçi üçün vaxta qənaət etmək baxımından da çox əlverişlidir. Yükün növü, yüklənmə və gediş limanları, ödəyən şəxs və daşınan nəqliyyat vasitəsi barədə məlumatlar daxil edildikdən sonra biletin qiyməti avtomatik hesablanır.
Xatırladaq ki, xidmətdən yararlanmaq üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin internet saytında onlayn ödəniş üçün müvafiq xanalar doldurulmalıdır. https://public.acsc.az/online/payment/index/az/