MƏDƏNİYYƏT
Azərbaycan yazıçısı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı ərəb dilində çapdan çıxmışdır
Bakı, 22 iyun (AZƏRTAC). Tanınmış Azərbaycan alimi və yazıçısı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Qahirədə ərəb dilində çapdan çıxmışdır.
AZƏRTAC xəbər verir ki, azərbaycanlı yazıçının romanı Misir Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Milli Tərcümə Mərkəzi tərəfindən “Dünya ədəbiyyatı seriyası” çərçivəsində nəşr olunmuşdur. Milli Tərcümə Mərkəzi Misirin ən böyük və ən mühüm rəsmi tərcümə qurumudur.
“Yarımçıq əlyazma” romanı Ayn-Şəms Universitetinin müəllimi, azərbaycanşünas alim, doktor Əhməd Sami Elaydi tərəfindən tərcümə olunmuşdur. Doktor Əhməd Sami, eyni zamanda, romanın ərəb dilinə tərcüməsinə “Ön söz” yazmışdır. Azərbaycanşünas alim müqəddiməsində bu kitabın ərəb dünyasında yayılmasının əhəmiyyətini və onun Azərbaycan ədəbiyyatındakı yerini vurğulayaraq bildirmişdir ki, romanın “Nobel” mükafatına namizədliyi irəli sürülmüşdür.
Kitabda Azərbaycan yazıçısı Kamal Abdullanın həyat və yaradıcılığı, müasir Azərbaycan ədəbiyyatındakı rolu haqqında geniş məlumat verilir.
Bu roman ərəb dünyasında, o cümlədən Misirdə Azərbaycanın bədii əsərlər silsiləsindən ərəb dilinə tərcümə olunan ilk əsərlərdən biridir.
Milli Tərcümə Mərkəzinin müdiri, professor Xeyri Abu Doma bildirmişdir ki, tezliklə Misirdə kitabın təqdimat mərasimi keçiriləcəkdir. Mərasimə yazıçı Kamal Abdulla da dəvət olunacaqdır.