MƏDƏNİYYƏT
Azərbaycana gəlməyə dəyər
Kiyev, 22 fevral, AZƏRTAC
“Bakı təzadlar şəhəridir, o, kosmik sürətlə yenilənir, amma öz simasını itirmir. Dünyanın heç bir yerində müasir memarlıq və orta əsrlərin mirası burda olduğu kimi ahəngdarlıq təşkil etmir. Pravoslav məbədləri, katolik kilsəsi, protestant kirxası, qədim və müasir məscidlər bir-birindən qeyri-adi yaxınlıqda yerləşir. Avropa və Asiyanın sərhədində yerləşən şəhər Qərb və Şərq mədəniyyətlərinin ən yaxşı cəhətlərini özündə birləşdirib”. Urkaynanın “NovostiN.mk.ua” internet portalı “Azərbaycana gəlməyə dəyər” adlı məqaləsində öz oxucularını Bakı ilə ilk sətirlərdən belə tanış edir.
Məqalənin “Bakı dənizkənarı bulvarı” adlı yarımbaşlığı altında verilən materialda qeyd olunur ki, Bakının incisi və onun vizit kartlarından biri dənizkənarı bulvardır. Dəbdəbəli landşaft dizaynı, kölgəli xiyabanlar, dadlı dondurma, çərəz və istənilən növ qəlyanaltıların verildiyi rahat kafelər, habelə yaxt-klub, uşaqlar və böyüklər üçün çoxsaylı attraksionlar qonaqları özünə cəlb edir.
“Heydər Əliyev Mərkəzi” bölməsində bu memarlıq şedevri müasir mədəni obyekt, Bakı və Azərbaycanın yeni rəmzi adlandırılır.
Səfər qeydlərində Alov Qüllələri, İçərişəhər və Qız Qalası haqqında da söhbət açılır.
Materialda Bakıda keçiriləcək Qran-pri “Formula-1” yarışları və füsunkar Azərbaycan mətbəxi haqda da qeydlər var.
Məqalənin tam mətni və fotolarla bu linklə tanış olmaq mümkündür:
htt://novosti-n.org/ukraine/read/116920.html
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev