İDMAN
Azərbaycanda 2012-ci ilin “İdman ili” elan edilməsi dövlətimizin başçısının bu sahəyə verdiyi qiymətin və göstərdiyi diqqətin əyani təzahürüdür
Bakı, 9 aprel (AZƏRTAC). Aprelin 9-da Binə Cıdır Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev ilə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, görüşün məqsədi Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2012-ci ilin “İdman ili” olunması istiqamətində birlik tərəfindən federasiyalarla daha sıx əlaqələrin yaradılması və bu istiqamətdə işlərin geniş səviyyədə görülməsi olmuşdur.
YAP Gənclər Birliyinin sədri Azərbaycanda 2012-ci ilin “İdman ili” elan edilməsini dövlətimizin başçısının idmana verdiyi qiymətin və göstərdiyi diqqətin nümunəsi olduğunu bildirmişdir. Qeyd etmişdir ki, 200 minə yaxın gənci öz ətrafında birləşdirən birliyin tərkibində müxtəlif idman növləri ilə məşğul olan gənclər vardır. Mötəbər idman tədbirləri ölkəmizdə keçirilir və bu da Azərbaycanın idman sahəsindəki uğurlarının nəticəsidir. Respublikamızda idmanın inkişafı ilə bağlı siyasətin əsasının ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdıran S.Orucov ali tədbirlərin Azərbaycanda keçirilməsi üçün ölkəmizdə təşkilati baxımdan da yüksək şəraitin və imkanın olduğunu, bu faktın beynəlxalq idman təşkilatları tərəfindən təsdiqləndiyini söyləmişdir.
Son vaxtlar ölkəmizdə atçılıq idmanının da inkişaf etdiyini bildirən S.Orucov Qarabağ atlarının dünyada məşhur olduğunu və bu cinsin Şərq ölkələrində geniş yayılan ən qiymətli atlardan sayıldığını diqqətə çatdırmışdır.
Görüşün sonunda S.Orucov birliyin adından ARAF-ın baş katibinə xatirə şəkli hədiyyə etmişdir.
B.Nəbiyev isə öz növbəsində YAP Gənclər Birliyinə təşəkkürünü bildirmişdir.