İQTİSADİYYAT
Azərbaycanda alternativ enerji sahəsində 11 investisiya layihəsi həyata keçirilir
Bakı, 1 noyabr (AZƏRTAC). Azərbaycanda alternativ enerji sahəsində beynəlxalq təşkilatların dəstəyi ilə 11 investisiya layihəsi həyata keçirilir. Bu barədə AZƏRTAC-a Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Məsələləri üzrə Dövlət Agentliyi direktorunun müavini Cəmil Məlikov bildirmişdir.
C.Məlikovun sözlərinə görə, mütəxəssislər bir neçə çay üzərində su elektrik stansiyasının (SES) tikintisi ilə bağlı hesablama işləri aparırlar. Bu işlərin nəticəsi olaraq 1 MVt gücü olan kiçik SES-in tikintisi layihəsi seçiləcək və layihə üzrə agentlik tərəfindən müsabiqə elan olunacaqdır. Beynəlxalq qurumların qrantları bu layihəyə böyük dəstəkdir.
C.Məlikov qeyd etmişdir ki, ümumilikdə hazırda ölkə üzrə 11 kiçik SES üzərində layihələşdirmə, araşdırma işləri aparılır və bəzilərində isə artıq tikinti işləri gedir. Tikiləcək yeni stansiyaların gücü 0,5-3 MVt arasında olacaqdır. Belə stansiyalarda 1 MVt güc yaratmaq üçün 2 milyon manat sərf olunur. Layihə çərçivəsində 1 MVt-lıq iki kiçik su elektrik stansiyasının tikintisi 2013-cü ilin may ayında təhvil veriləcəkdir.