İQTİSADİYYAT
Azərbaycanda Amerika Ticarət Palatası ilk aylıq işgüzar naharını təşkil etmişdir
Bakı, 5 oktyabr (AZƏRTAC). Azərbaycanda Amerika Ticarət Palatası (AMCHAM) ilk aylıq işgüzar naharını təşkil etmişdir.
Tədbirdə Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarını təmsil edən 110-a yaxın özəl sektorun və diplomatik korpusun nümayəndələri iştirak etmişlər.
AMCHAM -dan AZƏRTAC-a bildirmişlər ki, tədbirin əsas hissəsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin qəbul olunmasının 10 illiyinə həsr edilmişdir.
AMCHAM-ın icraçı direktoru Nərgiz Nəsrullayeva-Müdüroğlu palatanın cari məsələləri, qurumun üzvlük və ictimai əlaqələr üzrə meneceri Aysel Süleymanova yenicə başlanılmış M2M+ adlı xüsusi endirim proqramı barədə məlumat vermişlər.
“Hilton” otelinin nümayəndəsi Eldar Alımuradov oteldə göstəriləcək xidmətlər barədə təqdimatla çıxış etmişdir.
Vergilər nazirinin müavini Sahib Ələkbərov Azərbaycanın vergi sisteminin keçdiyi inkişaf yolundan bəhs edən yeni kitabın AMCHAM rəhbərliyinə təqdim olunduğunu diqqətə çatdırmış, Vergilər Nazirliyi ilə AMCHAM arasında qarşılıqlı konstruktiv əməkdaşlığın mövcudluğunu və mütəmadi görüşlərin keçirildiyini bildirmişdir. S.Ələkbərov respublikanın vergi sistemi və Vergi Məcəlləsinin tarixinə qısa ekskurs etmiş, vergi sistemində sahibkarların fəaliyyəti üçün işgüzar mühitin yaradıldığını demişdir. Nazir müavini tədbir iştirakçılarına Vergi Məcəlləsi haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, bu günədək məcəlləyə 24 dəfə dəyişikliklər edilmişdir. Yeni dəyişikliklər paketi hökumət tərəfindən nəzərdən keçirilmişdir.
AMCHAM-ın prezidenti Daniel Metyuz Vergilər Nazirliyinin məsul şəxslərinə tədbirdə iştiraklarına görə minnətdarlığını bildirmiş, Sahib Ələkbərova xatirə hədiyyəsi təqdim etmişdir.
ABŞ-ın ölkəmizdəki səfiri Mətyu Brayzə və xanımı Zeyno Baran Azərbaycanda qadın sahibkarların dəstəklənməsi istiqamətində başladıqları yeni təşəbbüs barədə iştirakçıları məlumatlandırmışlar.