MƏDƏNİYYƏT
Azərbaycanda Atatürk Mərkəzində azərbaycanlı və türk qadınlarının toplantısı keçirilmişdir
Bakı, 3 noyabr (AZƏRTAC). Azərbaycanda Atatürk Mərkəzində Türkiyənin İstanbul Azərbaycan Mədəniyyət və Əməkdaşlıq dərnəyi qadın klubunun iştirakı ilə azərbaycanlı və türk qadınların toplantısı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, “Turan Cavid” Qadın Mərkəzi İctimai Birliyinin, Kitab Evi İctimai Birliyinin və Azərbaycan Memarlıq və İnşaat Universiteti qadın təşkilatının dəstəyi ilə keçirilmiş toplantının iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür.
Sonra Şəhidlər xiyabanına gələn toplantı iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.
Azərbaycanda Atatürk Mərkəzində davam edən tədbirdə Vanda baş vermiş zəlzələ zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Tədbirdə Azərbaycan ilə Türkiyə arasında mövcud olan siyasi, iqtisadi, mədəni əlaqələrdən danışılmış və ölkələrimiz arasında mövcud olan əlaqələrin inkişafı baxımından belə tədbirlərin böyük önəm daşıdığı xüsusi qeyd edilmişdir.