İQTİSADİYYAT
Azərbaycanda əhalinin məşğulluğu sahəsində əldə olunan nailiyyətlər beynəlxalq aləmdə yüksək qiymətləndirilir
Bakı, 28 noyabr (AZƏRTAC). Noyabrın 28-də Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Məşğulluq Forumu başa çatmışdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, forumda Azərbaycan ilə bağlı təqdimatlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
Beynəlxalq tədbirdə Avropada gənclərin məşğulluğu probleminin həlli, əmək bazarı islahatlarında KİV-in rolu, ahıl və yaşlı insanların məşğulluğunun təmin olunması və digər məsələlər müzakirə edilmişdir.
Forum çərçivəsində təşkil edilən sərgidə təqdim olunan Azərbaycan stendində ölkəmizin sosial-iqtisadi inkişafı, o cümlədən yeni iş yerlərinin yaradılması, işsiz və işaxtaran vətəndaşların səmərəli məşğulluğunun təminatı, peşə hazırlığı və s. barədə materiallar nümayiş olunmuşdur.
Nazirliyin şöbə müdiri Elnur Sultanov “İşçi qüvvəsinin inkişafı yönündə fəaliyyətlər” mövzusunda geniş təqdimatla çıxış edərək, ölkəmizdə əmək bazarının mövcud vəziyyəti, yeni iş yerlərinin açılması, həyata keçirilən fəal sosial müdafiə tədbirləri və s. barədə məlumat vermişdir.
Forumda 26 ölkəni təmsil edən 400-ə yaxın nümayəndənin əksəriyyəti Azərbaycan stendinə baxmış, ölkəmizdə məşğulluq sahəsində həyata keçirilən və gələcəkdə görülməsi planlaşdırılan işlərlə tanış olmuş, respublikada bu sahədə əldə edilən nailiyyətləri yüksək qiymətləndirmişlər.
Bundan başqa, forum çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə ayrı-ayrı ölkələrin nümayəndə heyətləri arasında yeni əməkdaşlıq əlaqələri qurulmuş, qarşılıqlı maraq doğuran məsələlər barədə müzakirələr aparmışlar.