İDMAN
Azərbaycanda FİFA U-17 qadınlararası dünya çempionatı yüksək səviyyədə təşkil olunmuşdur
Bakı, 12 oktyabr (AZƏRTAC). FIFA və Yerli Təşkilat Komitəsi (YTK) futbol üzrə “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan - 2012”nin bağlanışı ilə bağlı mətbuat konfransı keçirmişdir.
AZƏRTAC xəbər verir ki, oktyabrın 12-də “Four Seasons” mehmanxanasında keçirilən mətbuat konfransında əvvəlcə ölkəmizdə qadın futbolunun inkişafı ilə bağlı videoçarx nümayiş olunmuşdur.
FIFA U-17 qadınlararası dünya çempionatı təşkilat komitəsinin üzvü Anastasiya Tsiklas mundialın yüksək səviyyədə təşkil olunduğunu, nəqliyyat, rabitə və idman infrastrukturunun dünya standartlarına tam cavab verdiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, Azərbaycan xalqı çox qonaqpərvər və mehribandır. Sıravi insanların da dünya çempionatını dəstəkləməsi bizi çox sevindirir. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etməsi bu ölkədə dövlətin idmana göstərdiyi qayğının bariz nümunəsidir.
Azərbaycan millisinin mərhələ adlaya bilməməsini məyusluqla qeyd edən A.Tsiklas yığmamızın yetirincə güclü olduğunu və futbolçuların bu mundialda iştirakını onların inkişafına töhfə verəcəyini vurğulamışdır. Finala vəsiqə qazanmış Fransa və Koreya Xalq Demokratik Respublikası komandalarına uğurlar arzulayan natiq üçüncü yer və final görüşünün gərgin idman mübarizəsi şəraitində keçəcəyini qeyd etmişdir.
FIFA qadın yarışlarının rəhbəri Tatyana Haenni FİFA U-17 qadınlararası dünya çempionatının tarixi barədə məlumat vermiş və Azərbaycanda keçirilən mundialın təşkilatçılıq səviyyəsini yüksək qiymətləndirmişdir. Vurğulamışdır ki, azarkeşlərin stadionları gəlməsi və böyük coşğu ilə matçları izləməsi Azərbaycanda qadın futbolunun inkişafından xəbər verir. FİFA-nın əsas prioritetlərindən biri qadın futbolunun dünyada inkişaf etdirilməsidir. Artıq bu istiqamətdə müəyyən uğurlar əldə olunmuşdur. Qana yığmasının dünya çempionatının bürünc medalı uğrunda mübarizə aparması bu uğurlardan biridir. Seçmə mərhələni uğurla adlamış Uruqvay və Afrika ölkələrində idmanın bu növünün inkişaf etdirilməsi üçün FİFA tərəfindən lazımi şərait yaradılmışdır.
YTK-nın stadion, infrastruktur və informasiya texnologiyaları direktoru Elnur Məmmədov mundialın Azərbaycana həvalə olunduğu üçün FİFA-ya təşəkkürünü bildirmiş və ölkəmizin beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi istiqamətində böyük təcrübəsi olduğunu demişdir. Natiq çempionat öncəsi Bakıda 3 yeni stadion, 8 məşq meydançası, Lənkəranda isə bir təbii örtüklü meydançanın istifadəyə verildiyini söyləmişdir. Bildirmişdir ki, bu idman infrastrukturunun inşası zamanı FİFA-nın müvafiq qurumları ilə əməkdaşlıq yüksək səviyyədə qurulmuşdu.
Qeyd edək ki, FİFA U-17 qadınlararası dünya çempionatında üçüncü yer uğrunda oyun Qana və Almaniya yığmaları arasında keçiriləcəkdir. Final matçında isə Fransa və Koreya Xalq Demokratik Respublikasının futbolçuları üz-üzə gələcəklər. Hər iki oyun oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaqdır.